• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1967
— 25.09.2017 14:03

Avropa çempionatının Göygöl hissəsi başa çatdı

Azərbaycan və Gürcüstanın birgə ev sahibliyi etdiyi qadın voleybolçular arasında Avropa çempionatında B və D qrupunun oyunları artıq başa çatıb. Mötəbər turnirin D qrupunun görüşlərini qəbul edən Göygöl də qitə çempionatının həyacanını yaşanıb.

Göygöl Bakı və Tbilisidən sonra Avropa çempionatının keçirildiyi 3-cü məkan olub. Qitə əhəmiyyətli yarışa ev sahibliyi edən rayonda 4 komanda mübarizə aparıb. D qrupunda Niderland, Serbiya, Belçika və Çexiya yığmaları öz aralarında güclünü müəyyənləşdiriblər. Yarışın yekunlarına əsasən maksimum nəticə göstərən serblər 1/4 final mərhələsinə vəsiqə qazanıblar. 2-ci pillədə qərarlaşan Niderland və 3-cü olan Çexiya isə pley-off-da çıxış edəcək. Yeri gəlmişkən, yerli olimpiya idman kompleksində keçirilən oyunlar voleybolsevərlər tərəfindən böyük maraqla qarşılanıb.

Zaur Abbasov – Göygöl rayon Gənclər və İdman İdarəsinin rəisi – “Əhalinin marağı çox idi. Oyunu izləməyə 15000-ə yaxın azarkeş gəlmişdi. Ətraf rayonlardan, xüsusilə də Gəncə şəhərindən voleybolsevərlər tamaşaçı qismində iştirak edirdilər. Bayram əhval-ruhiyyəsində gözəl yarış keçdi. Tamaşaçı dəstəyinin oyunlara təsiri çox oldu. İdmançılar ruhlandı. Azarkeşlər də görüşlərdən zövq aldılar. Demək olar ki, yarış müddətində heç bir problemimiz olmadı. Hər şey qaydasında yüksək səviyyədə oldu.”

Avropa çempionatının turizm baxımından da Göygölün tanınmasında böyük rolu olub.

Zaur Abbasov – Göygöl rayon Gənclər və İdman İdarəsinin rəisi – “Yarış bura salınanda bunun məsuliyyətini dərk edirdik. Təsəvvür edin ki, qadınlar arasında voleybol üzrə Avropa çempionatı postsovet ölkələri arasında təşkil edilməmişdi. İlk dəfə bu mötəbər yarış Azərbaycanda keçirildi. Turnirin çarxlarında Göygölün turizm baxımından da tanıtımı oldu və 70-ə yaxın televiziya kanalı oyunları canlı yayımlayırdı. Bu da sözsüz ki, Göygölün turizminin tanınmasına böyük təkan verdi.”

Nüfuzlu turnirin Göygöldə düzənlənməsi rayonun idman tarixində bir ilk olub.  Çünki bunadək burada bu cür nüfuzlu idman tədbiri keçirilməyib.

Göygölün Avropa çempinatının final mərhələsinə ev sahiliyi etməsi rayonunun qarşısında yeni perspektivlər açıb. Qitə yarışını təşkil etməklə böyük təcrübə qazanan Göygöl gələcəkdə də mötəbər turnirləri qəbul etmək arzusundadır.

 

Orxan Cəfərzadə