• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 689
— 21.09.2017 16:57

Göygöl qadınlar arasında voleybol üzrə Avropa çempionatına hazırdı

KepezTV Player

Sabah qadın voleybolçular arasında Avropa çempionatı start götürəcək. Azərbaycan və Gürcüstanın birgə təşkil edəcəyi qitə turnirin bir qrupunun oyunları Göygöldə keçiriləcək.

Füsunkar təbiəti əsrarəngiz mənzərisə ilə tanınan Göygöl rayonu qarşıdakı 5 gün ərzində Avropa voleybolunun mərkəzlərindən birinə çevriləcək. Yerli Olimpiya idman kompleksi qitə çempionatının final mərhələsi kimi mötəbər yarışa ilk dəfə ev sahibliyi edəcək.

İdman qurğusunda bu günədək bir sıra beynəlxalq və yerli əhəmiyyətli yarışlar, həmçinin təlim-məşq toplanışları keçirilib. Amma Avropa çempionatı kimi nüfuzlu yarış Göygöl üçün daha mühüm tədbirdir.

Odur ki, oyunların keçiriləcəyi zalda yenidənqurma işləri aparılıb. Tribunalarda oturacaqların sayı artırılaraq Avropa Voleybol Konfederasiyasının tələblərinə uyğunlaşdırılıb. Əvvəlcə 800 yerlik olan məkan yeni oturacaqlar quraşdırıldıqdan sonra 2100 tamaşaçı tutumuna malik olub. Eyni zamanda zalda yeni işıqlandırma sistemi qurulub və yarışa aid məlumatları əks etdirən banerlər asılıb.

Təranə Cəfərova – Azərbaycan Voleybol Federasiyasının nümayəndəsi : “Bizim artıq işlərimiz yekunlaşıb. Zalımız oyuna tam hazırdır. Komandalarımız da gəliblər. Həmçinin xaricdən gələn qonaqlarımız da burdadılar. Demək olar ki, yarışa tam hazırıq. Biz federasiya adından bütün Göygöl və Gəncə əhalisini bu oyunlarda fəal iştirak etməyə çağırırıq. İnanırıq ki, onlar tribunaları tam şəklidə dolduracaqlar.”

Göygöl Olimpiya İdman Kompleksində D qrupunun görüşləri oynanılacaq. 4 komandanın yer aldığı qrupda hər oyun günü 2 qarşılaşma keçiriləcək. Açılış günü, sentyabrın 22-də saat 17-də ilk olaraq Serbiya və Çexiya komandaları üz-üzə gələcək. Saat 20-də isə Niderlandla Belçika yığmaları güclünü müəyyənləşdirəcək. Qrup oyunları 3 gün davam edəcək.