• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1465
— 18.09.2017 15:11

Gəncədə Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Gəncə Marafonu - 2017” keçirilib

KepezTV Player

Regionlar arasında marafona Nizami yurdu ev sahibliyi edən ilk şəhər olub. 

Bu vaxtadək Heydər Əliyev Fondunun təşəbbüsü ilə ötən il və bu il paytaxt Bakıda “Küləyə qalib gəl!” şüarı altında “Bakı Marafonu” təşkil olunub. Marafon region sakinləri tərəfindən böyük maraqla qarşılandığından yarışın Gəncə şəhərində də keçirilməsinə qərara verilib.

Gəncədə marafon “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarı altında təşkil olunub. Layihə regionlarda idmanın inkişafına dəstək, sağlam həyat tərzini, eləcə də Azərbaycanın ayrı-ayrı bölgələrində müxtəlif yaşda insanlar arasında xeyirxah amallar naminə həmrəylik ideyalarını təbliğ etmək məqsədi daşıyır.

Marafona idmançılar, siyasətçilər, incəsənət xadimləri, digər tanınmış şəxslər də qatılıb.

Ümumiyyətlə, “Gəncə Marafonu–2017”yə 16 yaşdan yuxarı hər kəs əvvəlcədən qeydiyyatdan keçməklə qoşulub. Start xəttinə çıxan 11000-dən çox şəxs arasında yaşlı iştirakçılar da olub. 

Layihədə Gəncə ilə yanaşı, respublikamızın digər bölgələrindən, o cümlədən Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, İtaliya, İran, Britaniya və digər ölkələrin vətəndaşları da olub.

Marafon “Zəfər Tağı”ndan start götürərək Nizami Gəncəvi prospekti, Heydər Əliyev prospekti, Cavad xan küçəsi, “Gəncəçay” bulvarı, Şah İsmayıl Xətai prospekti boyunca davam edərək Heydər Əliyev park kompleksinə qədər 17 kilometrlik məsafəni əhatə edib.  Mübarizə 2 kateqoriyada olub.  Belə ki, marafonun kişi və qadın iştirakçıları ilk 3 yer uğrunda yarışıblar. Marafonun yekunlarına əsasən, güclü cinsin nümayəndələri arasında ən yaxşı nəticəni türkiyəli Üzeyir Söylemez göstərib. O, nəzərdə tutulan məsafəni təxminən 1 saatdan da az vaxta qət edib. Finişə ikinci İran vətəndaşı Məhəmməd Cəfər Muradi, 3-cü isə gürcü Omar Baikeev çatıb.

Qadınlar arasında isə finiş xəttini ilk olaraq ukraynalı Valentina Poltavska keçib. İkinci mövqedə təmsilçimiz Anna Yusipova, üçüncü yerdə britaniyalı Nataşa Petersen qərarlaşıb.

Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunublar. 

 

Orxan Cəfərzadə