• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 930
— 13.09.2017 14:26

Atletlər “Gəncə Marafonu - 2017”yə hazırlaşır

KepezTV Player

Sentyabrın 17-də keçiriləcək “Gəncə Marafonu - 2017” istər həvəskar, istərsə də peşəkar atletlərin diqqət mərkəzindədir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşacaq yarışda iştirak edəcək idmançılar hazırlığı davam etdirir.

Bu günə kimi marafona qatılmaq üçün 8000-dən çox insan qeydiyyatdan keçib. Onların əksəriyyəti Gəncədəndir. Uğur qazanmağın planlarını quranlar yarış üçün hazırlığın son mərhələsindədirlər.

Lalə Əmiraslanova- atlet: “Hər gün məşq edərək məşqçilərimizin sayəsində uğur qazanmağa çalışırıq. Şadıq ki, Gəncədə ilk dəfə belə yarış keçiriləcək. Nəticə qazanmaq istəyirik”.

Taleh Məmmədov- atlet: “Atletika dözüm tələb edən idman növüdür. Az məsafə deyil, idmançı gücünü elə bölməlidir ki, finişə gəlib çata bilsin”.

Atletika üzrə məşqçi Bəxtiyar Əsədov 17 km-in asan qət olunan məsafə olmadığını bildirməklə iştirakçıların qaçış təlimi ilə tanış olmasının vacibliyini vurğulayıb. O, həmçinin marafonda start xəttinə çıxacaq şəxslərə digər məsləhətlər verib.

Bəxtiyar Əsədov- məşqçi: “Yarış günü 2 saat əvvəl normal şəkildə qidalanmaq lazımdır. Marafondan əvvəlki gecə 8 saat yuxu yatmaq mütləqdir. Vacib olan amillər bunlardır. Bədən qaçış dövründə susuz qalmamalıdır, idman ehtiyac hiss etdiyi vaxta su içməlidir”.

“Gəncə Marafonu–2017”yə qeydiyyat avqustun 14-dən başlayıb və yarış gününədək davam edəcək. Yarışda 16 yaşdan yuxarı hər kəs iştirak edə bilər. Bunun üçün heç bir rüsum ödəmədən qeydiyyatdan keçmək lazımdır.

 

Azad Rəfi