• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1446
— 13.09.2017 14:42

Tikinti materialları bazarında alıcı qıtlığı yaşanır, amma qiymətlər bahalaşıb

KepezTV Player

Tikintiyə başlamaq istəyənlər ekran qarşısına yaxın əyləşsinlər. Bazarda inşaat materiallarının qiyməti barədə məlumatımız var. Gəncədə tikinti materiallarının qiyməti və qiymətlə bağlı ekspert proqnozu barədə sujetdə tanış olacaqsınız. 

Cəlil Hüseynov- alıcı: “Mən bu dəmir borunu almışam. Bir metri 2 manatdı. Nə qədər qiymətlər aşağı olar o qədər bizə xeyirdi. Günü- gündən qiymətlərin qalxması heç yaxşı deyil”.

Rövşən Kərimov-alıcı: “Taxtanı kubla yox, metr ilə alıram. Bir metri 75 qəpikdi. Qabaq həmin bu taxta 60-65 qəpik idi. Qiymətlərin düşməsi sərf edər. İş də çox olar. Camaatın işi də olar, yaxşı da dolanışıq olar”.

Qabil Sadıqov- alıcı: “Bahalıq kimə xeyr edər? Ucuzluq yaxşıdı ki, hamı alar, iş yeri olar, hamı işləyər. Bahalıqdı, almağa güc çatmır”.

Gəncənin tikinti bazarında vəziyyət belədir. Qalxan qiymətlər alıcıları çıxılmaz vəziyyətə salıb. Necə deyərlər alıcılar birini alanda birini ala bilmirlər. Artım daha çox taxta, dəmir, mişar daşında müşahidə olunur, təxminən 20 faizə qədər. Satıcıların buna izahı da var.

Elnur Abbasov- satıcı: “Ən çox taxtanın, dəmirin qiyməti qalxıb. Hər “fanerka”nın qalınlığına görə qiyməti var. Kərpicin də ölçüsünə görə qiyməti var”.

Mir Camal Musayev- satıcı: “Hər bir şey benzinlə, qazla əmələ gəlir. Onlar qalxdığına görə tikinti materialları da qalxır”.

Ekspert isə tikinti bazarında bahalaşmanı başqa amillə əlaqələndirir. Fərdi ev tikintisinə artan maraq qiymətlərin qalxmasını şərtləndirir. Bazarın formalaşdırdığı tələb təklifin yaratdığı qiymətə əlavə təsirlər də var. 

German Muxtarov- iqtisadçı ekspert: “Tikinti materialları beynəlxalq bazarda xarici valyuta ilə müəyyənləşir.Ona görə də bizdə tikinti materiallarının qiyməti artır. Qış aylarında tikinti bir qədər dayanır, ya da məhdudlaşır. On görə də tikinti bazarında durğunluq sabitlik yaranır. Bu da nəticədə qiymətlərin aşağı düşməsinə səbəb olur. Gözlənilir ki, qiymətlərin aşağı düşməsi payız və qış aylarında ola bilər”.

Gəncənin tikinti bazarında yalnız sementin qiyməti qalxmayıb.  Çəkisinə görə 5 manat 50 qəpikdən 7 manat arası dəyişir. 1 kub taxta 310 manat, 1 ədəd mişar daşı 55 qəpik, kərpic 40 qəpik, qumun 5 tonu 60 manat, şifer isə 15-30 manat arasında alıcılara təklif olunur. 

 

Elnur Vahidoğlu