• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1671
— 12.09.2017 12:58

Ölkə yollarında baş verən qəzalarda 1 nəfər öldü, 14 nəfər yaralandı

KepezTV Player

Yollar yenə kabusa dönüb. Söhbət qəzalardan gedir...Hadisələrin bu dəfəki ünvanı Lənkəran, Bakı, Goranboy və Zərdab olub.

Ələt-Astara magistralının Lənkəran rayonunun Gərmətük kəndi ərazisindən keçən hissəsində qəza qeydə alınıb. Astara istiqamətində hərəkətdə olan Hirkan qəsəbə sakini Qalib Əliyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Lənkəran istiqamətində hərəkətdə olan Zaur Rzayevin idarə etdiyi “Mercedes” markalı avtomobil toqquşub. Qəza zamanı “VAZ-2106”-nın sürücüsü Qalib Əliyev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Onun avtomobildə olan qızı Rumiyyə Əliyeva, eləcə də “Mercedes” markalı avtomobilin sürücüsü olan Zaur Rzayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində 159 nömrəli marşut xətti üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusu Biləcəri istiqamətində hərəkətdə olan zaman ağır tonnajlı yük avtomobilinin arxa hissəsinə çırpılıb. Avtobusda olan sərnişinlərdən 8 nəfər müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Yaralılara 1 saylı Kliniki Tibbi Mərkəzdə ilkin tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş olduğundan ambulator müalicəyə buraxılıblar. Paytaxtın Nərimanov rayonunda 3 avtomobilin toqquşması ilə nəticələnən zəncirvari qəza baş verib. Hadisə Həsən Əliyev küçəsində qeydə alınıb. “Hyundai” markalı avtomobil əks hərəkət istiqamətinə çıxaraq "Volkswagen" markalı avtomobilə, sonra "Niva"-ya çırpılıb. Nəticədə “Niva”da olan 31 yaşlı Yeganə Bağırova, o cümlədən "Volkswagen" markalı avtomobilin sürücüsü xəsarət alıb. Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanaya yerləşdiriliblər. Nərimanov Rayon Polis İdarəsi və Yol Patrul Xidmətinin əməkdaşları hadisə yerinə cəlb ediliblər. Avtomobillər evakuatorlar vasitəsi ilə cərimə meydançasına aparılıb. Bakı-Qazax magistralında sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə yolun Goranboy rayonu Borsunlu kəndi ərazisində qeydə alınıb. Tovuz rayon sakini, 58 yaşlı Asif Qasımzadə idarə etdiyi “QAZel” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarına aşıb. Qəza zamanı sürücü xəsarət alaraq Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Zərdab-Mollakənd yolunda isə velosipedçi vurulub. "VAZ-2107" markalı minik maşını velosipedlə hərəkətdə olan rayonun Dəkkoba kənd sakini, 64 yaşlı Tofiq Əliyevi vurub. Zərərçəkən təcili olaraq Zərdab Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ağır kəllə-beyin travması alan kişiyə tibbi yardım göstərilib, daha sonra müalicəsini davam etdirmək məqsədilə paytaxta göndərilib. Faktlarla bağlı araşdırmalar aparılır.

Ruhəngiz Hacızadə