Salyanda silahlı insident baş verib. Hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Salyan rayonunun Həsənli kənd ərazi vahidliyindəki 5 saylı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Həmin müəssisədə xidmət edən Ağstafa rayon sakini, 19 yaşlı Əyyam Mamay oğlu Əyyublu güllə yarası ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olan yaralı əməliyyat olunmaq üçün dərhal cərrahiyyə şöbəsinə yerləşdirilib. Bir neçə saatdan sonra isə Bakıdakı tibb müəssisəsinə göndərilib. İlkin məlumata görə, cəzaçəkmə müəssisəsində Əyyam Əyyublu ilə xidməti yoldaşının arasında mübahisə yaranıb. Həmin şəxs əlindəki odlu silahdan 3 dəfə atəş açaraq onun qarnının sol hissəsindən, sol bazu nahiyəsindən və sol baldırından yaralayıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 427