Son günlər ölkə gündəmini zəbt edən sahibsiz itlər, Göygöl rayonunda da insanları qorxu içərisində saxlayır. Belə deməyə mərkəzi rayon xəstəxanasına it dişləməsi ilə olunan müraciətlərin həddindən artıq olması əsas verir. Bu il ərzində 200-ə yaxın rayon sakini sahibsiz itlərin hücumuna məruz qalıb. Vaxtında həkimə müraciət və qabaqlayıcı tədbirlər nəticəsində zərərçəkənlər arasında quduzluq xəstəliyinə yoluxma halı baş verməyib. Xəstələrin tam sağalması üçün 500 dozadan artıq vaksin istifadə olunub. Bununla belə həkimlər bu kimi travmalara qarşı vətəndaşların son dərəcə diqqətli olmalarını və vaxtında həkimə müraciət etmələrinin həyati əhəmiyyət daşıdığını vurğulayır.
Eldar Muradov- Göygöl RMX-nın baş həkimin müavini: “Ümumiyyətlə, bəzən vətəndaşlar çox gecikmiş və narahat halda müraciət edirlər. Həmin vətəndaşlar həkimə dərhal müraciət etməlidirlər. Və 3 gün ərzində onun quduzluğa qarşı vaksin məsələsi həll olunmalıdır. Hər hansı bir travmatoloji məntəqədə, poliklinikada, tibb məntəqəsinə müraciət edərək o xidməti almalıdırlar. Tibb müəssisəsinin ona verdiyi qrafiq əsasında, vaxtaşırı gəlməlidir tibb müəssisəsinə və o vaksinlərin hamısını tam şəkildə almalıdır”.
Elton Cabbarlı
- Baxış: 752