Bu il Gəncənin 21 orta məktəbini bitirən məzunlar yüksək nəticə göstərərək ali məktəblərə daxil olub. Ümumilikdə tələbə olmaq istəyən 1819 nəfərdən 939-u arzusuna çatıb. Onlardan 9 nəfəri xarici ölkələrdə ali təhsil alacaq. Gəncədə keçirilən təhsil işçilərinin ənənəvi sentyabr konfransında ali məktəblərə qəbul olan 222 nəfərin 500-dən, 85 nəfərin 600-dən, 32 nəfərin isə 650-dən yuxarı bal topladığına diqqət çəkilib. 26 №-li məktəb-liseyin pilot sinfinin məzunu Abdulla Əsgərzadə isə ölkə üzrə maksimum nəticə göstərib. 18 abituriyent isə ali hərbi məktəblərə daxil olub. Ötən il Gəncədə 3 orta məktəb əsaslı təmir olunub, 1 nömrəli məktəb və İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya binası isə əsaslı yenidənqurmadan sonra istifadəyə veriləcək. Konfransda yeni tədris ilində şagirdlər arasına mütaliəni artırmaq üçün kitab oxumaq üçün yarışların keçirilməsi, bütün fənlər üzrə məktəblərdə açıq dərslərin təşkili, məktəb direktorlarının gördüyü işlər barədə hər ay təhsil idarəsinə məlumatların verilməsi də tapşırılıb.
Abdulla Əsgərzadə- 700 bal toplayan tələbə: “Bu il ali təhsil müəssisələrinin qəbul imtahanında 700 bal toplayaraq Bakı Ali Neft Məktəbinin “Prossesorların avtomatlaşdırılması” fakültəsinə daxil olmuşam. Əvvəlcədən bu ixtisası istəyirdim və ona görə də çox sevincliyəm. Digər abituriyentlərə də arzu edirəm ki, onlar da arzuladıqları ali təhsil müəssisələrinə qəbul olsunlar və bunun üçün əzmlə çalışsınlar”.
Elnur Vahidoğlu
- Baxış: 1002