• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 976
— 05.09.2017 14:18

Goranboylu fermerləri tütünün qiyməti qane etmir

KepezTV Player

Bu il Goranboyda 6 hektar ərazidə tütün əkilib. Bitki əsasən rayonun dağətəyi kəndlərində becərilib və hazırda yığım mərhələsindədir. Məhsulun daxili bazarda tədarükçüsü isə Zaqatala Tütün Fabrikidir. Fermerlər məhsulun keyfiyyətindən və məhsuldarlıqdan razılıq etsələr də tütünün alış qiyməti onları qane etmir.

Goranboyda tütünçülük ənənəsini geri qaytarmaq üçün bu ildən başlayaraq bir neçə iri fermer təsərrüfatında xaricdən gətirilən toxumlar becərilib. Sahələrdə məhsuldarlıq isə gözləniləndən də yüksək olub. Fermer Şakir Hüseynov 1 hektardan ilk yığımda 1.5 ton məhsul tədarük edərək satışını həyata keçirib. Bir neçə gündən sonra da 1 ton tütün yığmağı planlaşdırır. Lakin fermeri tütünün qurudulmuş halda növünə görə qiymətinin aşağı olması narahat edir.

Şakir Hüseynov- fermer: “Bir hektar sahəyə tütünün əkilməsi üçün hesablamışam şitilin yera basdırılmasından tutmuş yığımına qədər 2500- 3 min manat pul xərcləmişik. Bunu hamısı xərcdir, qiymət də çəkdiyimiz əziyyətə dəymir. Birinci sort 2 manat 20 qəpikdir. Məhsulumuzun hamısı da 1-ci sort deyil. Axı burda 2, 3 və 4-cü sort var”.

Həlmə Məmmədova- tütünçü: “Dədə- babadan tütünçülüklə məşğuluq. Hazırda 1-ci sortu 2 manat 20 qəpiyə götürürlər, bu da bizi qane eləmir. Biz istəyərik ki, bu tütünün dəyərinə qiymət verilsin”.

Hazırda tədarükçü olan Zaqatala Tütün Fabrikində 1 kq 1-ci sort tütün 2 manat 20 qəpiyə. 2-ci sort 1 manat 90 qəpiyə, 3-cü sort 1 manat 70 qəpiyə, 4-cü sort isə 90 qəpiyə fermerlərdən alınır. Kənd Təsərrüfatı Nazirliyindən tütünün mövcud bazar qiymətinin sifarişçi və istehsalçı tərəfindən bağlanan müqaviləyə əsasən tənzimləndiyini deyilir. Dövlət tərəfindən isə tütünçülüyü inkişaf etdirmək üçün qurudulmuş 1 kiloqram tütün üçün fermerlərə 5 qəpik subsidiya verilir.

Xaliq Qurbanlı