• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1781
— 28.08.2017 19:44

Nazpəri Dostəliyevanın evindən seyf oğurlayanlar yaxalandı

KepezTV Player

Dadanandan qorxmaq lazımdır deyiblər. Çünki sonu vərdiş olur. Vay o günə ki, pis işə dadanıb, pis vərdişə yiyələnəsən. Bax bu zaman dadanacaq daha bir yer zindan olur. Harama dadanıb, dələduzluğu vərdişə çevirən şəxslərin bu dəfəki hədəfi xalq artisti Nazpəri Dostəliyevanın mənzili, daha dəqiqini desək mənzilindəki seyfi olub.

Paytaxtın Nərimanov rayonu ərazisində zərərçəkənə külli miqdarda ziyan vurmaqla oğurluq hadisəsi törədilib. Avqustun 19-da naməlum şəxs və ya şəxslər sözügedən ərazidə yaşayan Nazpəri Dostəliyevanın mənzilinə açarseçmə üsulu ilə qanunsuz daxil olaraq yataq otağından içərisindən külli miqdarda qızıl-zinət əşyaları və pul olan dəmir seyf oğurlayıblar. Hadisə barədə məlumat daxil olan kimi Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən mənzilə baxış keçirilib, əl-barmaq izləri götürülüb. Cinayət hadisəsinin Sumqayıt şəhər sakinləri əvvəllər məhkum olunmuş Ruslan Verdiyev, həmçinin Yunis Hüseynli və Asif Həmidov tərəfindən törədildiyi müəyyən edilib və adıçəkilən şəxslər saxlanılıblar. İlkin istintaq zamanı bəlli olub ki, dələduzlar həmin gün seyfi Bakı şəhər sakini Nürəddin Rüstəmovun idarə etdiyi taksi ilə Novxanı qəsəbəsinə aparıblar.

Oğurluq edən şəxslər Novxanı qəsəbəsində seyfi taksidən düşürdükdən sonra, Asif Həmidovu çağırıblar. Daha sonra seyfi Asif Həmidova məxsus "VAZ 2107" markalı avtomobillə Sumqayıt şəhərində yerləşən kanalın yanına aparıblar.

Dəstə üzvləri və onların başında cəm olduğu seyfin növbəti ünvanı Yunis Hüseynlinin Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən qarajı olub. Onlar burada seyfi kəsərək, qızıl zinət əşyalarını və pulları çıxarıblar.

Həmçinin müəyyən edilib ki, həmin şəxslər seyfi açandan bir gün sonra Asif Həmidovu təkrarən qarajın yanına çağırıblar. Seyfi yenidən onun avtomobilində apararaq Sumqayıt şəhəri ərazisindən keçən kanala atıblar.

Baxış zamanı seyf qeyd edilən həmin kanaldan aşkar olunaraq götürülüb. Saxlanılan şəxslərin yaşadıqları mənzillərə baxış zamanı oğurluq yolla əldə etdikləri maddi vəsaitlərin bir qismi aşkar edilib. Əlavə tədbirlərlə dəstə üzvü Asif Həmidovun avtomobilindən, Yunis Hüseynli və Ruslan Verdiyevin yaşadıqları ünvanlardan narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.Qeyd edilən faktla bağlı Nərimanov RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Hazırda cinayətin törədilməsində iştirak edən dəstənin digər üzvlərinin tutularaq istintaqa cəlb olunmaları, habelə maddi sübutların aşkar edilərək götürülməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.

 

Zülfiyyə Telmanqızı