• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1321
— 24.08.2017 18:46

Gəncədə sahibsiz itlər təkcə balacaların yox, böyüklərin də kabusuna çevrilib...

KepezTV Player

Gəncənin Cavad xan, Gülüstan, Poçt və Qırmızıkənd qəsəbələri, Yeni Gəncə və Mahrasa bağı yaşayış massivləri, Hərbi şəhərcikdə sərbəst şəkildə dolaşan sahibsiz itlər sakinlərin narahatlığına səbəb olur.

Bənövşə Cəlilova şəhər sakini :“Çörək almağa gedirdim. Arxamca it düşdü, yıxıldım, üstüm-başım palçıq oldu. Bu nədir belə? Uşağın arxası ilə düşür, böyüyün arxası ilə düşür. Yığışdırsınlar bu itləri. Mümkün deyil belə, bezmişik bütün. Quduz olar, uşağımızı dişləyər, öldürər”.

Rahilə Tağıyeva şəhər sakini: “Bu itlərin öhdəsindən gəlmək mümkün deyil. Balaca uşaqlar gecələri itlərin səsindən yatmırlar. Mənim nəvələrin bu evdə olurlar, gecəni qorxub oyanırlar. İtlər həyədə girir, toyuqlarımızı yeyir. Dəfələrlə olub”.

Ən pisi isə odur ki, təhlükəyə məruz qalan yalnız toyuq-cücə deyil. Həyət-bacada oynayan uşaqların həyatı da bəzən tükdən asılı olur.

azyaşlı: “İtlər bizi qorxudur. Velosiper sürə bilmirik. Gəlib burda otura bilmirik. Burda yatırlar, yaxınlaşa bilmirik”.

azyaşlı: “Bir dəfə də mənim qardaşımın üstünə hücum etmişdi. Ayağını dişləmişdi”

Problem varsa onun həlli mütləqdir. Bəs, nə etməli? İlk növbədə sahibsiz heyvanların artmasına səbəb olan amillərdən danışaq. Məsələn, məişət tullantılarından...Yəni əslində istəmədən də olsa, onların çoxalmasına elə sakinlər özləri şərait yaradır. Məişət tullantılarının qutulara yox, yerə atılması, zibilliklərin vaxtında və lazımınca təmizlənməməsi sahibsiz heyvanların çoxalması üçün əlverişli mühitin formalaşmasına səbəb olur.

Başqa bir məsuliyyətsizlik - bəzi şəhər sakinləri bir müddət saxladığı heyvanı sonra küçəyə atır. Küçədə itlərin çoxalmasına şərait yaradan ən başlıca amil isə Azərbaycanın “Heyvan Hüquqlarının Qorunamsına Dair Avropa Konvensiyasına” qoşulmasıdır.

Bəli,  sahibsiz heyvanların öldürülməsinə - yox! deyirik. Təqdirəlayiqdir! Lakin bu kifayət deyil. Onları qorumaq, yeri gələndə isə onlardan qorunmaq da lazımdır. Bəs bununla bağlı Azərbaycanda hər hansı mexanizm işlənib, hazırlanıbmı?

Sahibsiz heyvanların qorunması üçün xüsusi sığınacaqlar olmaldır. Azərbaycanda isə yalnız Bakıda belə sığınacaq var. Bundan başqa paytaxtda IDEA Heyvanlara Qayğı Mərkəzi fəaliyyət göstərir və mart ayından indiyədək Mərkəzə 1000-dən artıq müraciət daxil olub

Surxay Şükürov IDEA Heyvanlara Qayğı Mərkəzinin icraçı direktoru:“Bizə hər gün müraciətlər olur. İnsanlar təhvil vermək üçün heyvanlar gətirirlər, xəstə heyvanları gətirirlər, küçə itləridirsə, qısırlaşdırmaq üçün gətirilər. Biz onları quduzluğa qarşı vaksinasiya edirik, qulaqlarına nömrələr vurub, yenə əraziyə buraxırıq. Bununla yanaşı bala heyvanları sahibləndirməıyə çalışırıq”.

Mərkəz insanlar arasında maarifləndirmə tədbirləri də həyata keçirir. Amma hətta bu da problemin tam həlli üçün yetərli deyil. Heyvanların artım tempi, aparılan qısırlaşdırma prosesindən qat-qat çoxdur.

Surxay Şükürov IDEA Heyvanlara Qayğı Mərkəzinin icraçı direktoru:“Biz çalışacağıq ki, xaricdən baytarlar dəvət edək. Onların iştirakı ilə sterializasiya kampaniyaları keçiriləcək. Biz sahibsiz heyvanları, xüsusi ilə də itləri kütləvi şəkildə qısırlaşdırmağa çalışacağıq ki, onların artımının qarşısı alınsın”.

Ümid edək ki, problemin həlli istiqamətinə yönələn addımlar respublikanın ikinci böyük şəhərində də atılacaq. Hazırda Gəncədə sahibsiz heyvanların küçələrdən toplanması, qısırlaşdırılması və ya vaksinasiyası ilə bağlı heç bir iş görülmür.