"Diqqətli olun, hörmətli olun"... Bilmirik nə məna kəsb etdi, heç sözlərin müəllifi də nə dediyindən xəbərsizdir. Amma son günlər youtube portalında yayılan videoya baxanlar söhbətin nədən getdiyini yaxşı bilirlər. Söhbət Binəqədi rayonu ərazisində hərəkət edən 85 sayılı sərnişin avtobusundan və həmin avtobusda bir neçə gün bundan öncə hər kəsi təşvişə salan silahlı şəxsdən gedir. Polis əməkdaşları suçlunu yaxalayıblar, həm də silah və narkotiklə birgə.
Avqustun 18-i axşam saatlarında paytaxtın Binəqədi rayonu ərazisində həyəcanlı anlar yaşanıb. Hadisə 85 saylı sərnişin avtobusunda qeydə alınıb. Sürücü Gülağa Xudaverdiyevin sözlərinə görə, dayanacaqdan kənarda avtobusu bir nəfər saxlatmaq istəyib, lakin o, əyləci basmayıb. Avtobusun dayanmadığını görən şəxs isə hiddətlənərək, növbəti daynacağa qədər gəlib. Nəhayət avtobusun salonuna daxil olaraq, sürücü ilə mübahisə etməyə başlayıb. Daha sonra isə silah çıxararaq, sürücü və sərnişinlərə hədə qorxu gəlib. Bütün baş verənlər avtobusun müşahidə kamerası tərəfindən anbaan qeydə alınıb. Hətta silahlı şəxsin ucadan dediyi "diqqətli olun, hörmətli olun" sözləri də.
Binəqədi rayon polis idarəsi və 7-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bərdə rayon sakini 29 yaşlı Orxan Cəmil oğlu Orucov tutularaq istintaqa təhvil verilib. İlkin ifadəsi zamanı Orxan törətdiyi əməldən sonra niyə qaçıb gizlənməsinə də aydınlıq gətirib.
Saxlanılarkən Orxan Orucuovun üstündən həmin cinayətdə istifadə etdiyi ''makarov'' tipli pnevmatik tapança və narkotik maddə heroin də aşkar edilib. O isə bütün baş verənlərdə spirtli içkini günahkar bilir.
Faktla Binəqədi rayon polis idarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb, istintaq gedir. Onun həmin silahla başqa cinayət törədib, törətməməsi araşdırılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 706