Ötən həftə prezident İlham Əliyevin qərb bölgəsinə səfəri çərçivəsində açılışını etdiyi sosial obyektlər regionun inkişafında mühüm əhəməiyyət kəsb edir. Dövlət başçısının yerlərdə həyata keçiriləcək abadlıq quruculuq və tikinti işlərinin sürətləndirilməsi ilə bağlı sərəncamı isə rayonların simasını daha da yaxşılaşdıracaq. Bu barədə Şəmkir,Samux və Göygöl rayonlarında keçirilən toplantıda danışılıb.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla icrası nəticəsində Göygöl rayonunda bir sıra mühüm tədbirlər həyata keçirilib. Olimpiya İdman Kompleksi, Rayon Mərkəzi Xəstəxanası, Bayraq Meydanı və Bayraq Muzeyi Kompleksi, Gənclər Mərkəzi, Uşaq Yaradıcılıq və Texniki Yaradıcılıq mərkəzləri, əlil və şəhid ailələri üçün ümumilikdə 52 mənzilli 2 yaşayış binası inşa edilib, müasir tələblərə cavab verən digər sosial yönümlü obyektlər istifadəyə verilib. “Çiçəkli” Su-Elektrik Stansiyası və şəhərin içməli su təchizatı sistemi yenidən qurulub. İri istehsal müəssisələri yaradılıb, 9 mindən çox yeni iş yeri açılıb, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb. Bu fikirlər prezident İlham Əliyevin Göygölə səfərinin yekunlarına həsr olunan rayon fəallarının toplantısında səsləndirilib. Göygöl şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 40 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və fasad hissəsinin əsaslı təmiri məqsədi ilə yeni sərəncamın verilməsi isə sakinlər tərəfindən minnətdarlıqla qarşılanıb.
Samuxlular da prezident İlham Əliyevin rayona səfərini tarixi hadisə kimi dəyərləndirir. Ötən illər ərzində rayonun sosial-iqtisadi həyatında əhəmiyyətli dəyişikliklər baş verib. Əsas kapitala yönəldilən vəsait 25,6 dəfə, tikinti quraşdırma işlərinin həcmi isə 68,1 dəfə artıb. “Yenikənd” və “Samux” elektrik yarımstansiyaları, Tarix-Diyarşünaslıq Muzeyi, Bayraq Meydanı, Ağır Atletika İdman Kompleksi, əlil və şəhid ailələri üçün ümumilikdə 44 mənzilli 2 yaşayış binası inşa edilib, təhsil ocaqları və digər sosialyönümlü obyektlər istifadəyə verilib. İri istehsal və emal müəssisələrinin yaradılması nəticəsində 12 mindən çox yeni iş yeri açılıb, 40 min nəfər əhalinin yaşadığı 16 yaşayış məntəqəsini birləşdirən və ümumi uzunluğu 60,5 kilometr olan kəndlərarası avtomobil yolları tikilib. Rayon ictimaiyyətinin nümayədələri prezident İlham Əliyevin Samuxda həyata keçiriləcək abadlıq quruculuq işlərinin sürətləndirilməsi ilə bağlı sərəncamını təqdirəlayiq hal kimi dəyərləndiriblər.
Dövlət başçısının Şəmkirdə açılışını etdiyi sosial obyektlər rayonun iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edir. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir avtomat idarəetmə və nəzarət mərkəzinin işə salınması əhalinin fasiləsiz olaraq elektrik enerjisi ilə təchizatına “Azərxalça” ASC-nin Şəmkir filialının açılışı isə zərif cinsin nümayədələrinin işlə təminatına şərait yaradıb. Əsaslı şəkildə yenidən qurulan Şəmkir Tarix-Diyarşünaslıq Muzeyi isə keçmişizi qoruyub saxlamağa imkan yaradır. Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun tikintisi ilə rayon mərkəzi ilə ucqar dağ kəndlərinin əlaqəsi yaxşılaşdırılıb. Prezident İlham Əliyev Müdafiə Nazirliyinin Mobil Səhra Cərrahiyyə Hospitalının imkanları ilə tanış olub. “Şəmkir Aqroparkı”nın Logistika Mərkəzinin açılışında iştirak edib. Respublika üçün mühüm əhəmiyyət kəsb edən “Şəmkir Aqropark” daxili bazarlarla yanaşı yerli məhsulların xaricə çatdırılmasına da zəmin yaradacaq. Prezident İlham Əliyevin Şəmkirə sonuncu səfərinin təəəsüratlarını bölüşən ictimaiyyət nümayəndələrinin bir qrupu rayonun siyasi və mədəni həyatında fərqləndikləri üçün fəxri fərmanla mükafatlandırılıb.
Natiq Hüseyn
- Baxış: 718