Cəhənnəmə gedən özünə yoldaş axtarar. Cəhənnəm mərtəbələrindən biri də oğurluqdur. Bu dəfə həmin yolu yollananlardan birinin özünə qoşduğu yoldaş elə həyat yoldaşı olub. Həm də keçmiş. İndi şəxsin keçmiş həyat yoldaşı ilə yeni macərasını və əlbir olub qarətə getdiyi digər dostlarını birgə tanıyacayıq.
Paytaxtın Yasamal rayon sakini ərazi üzrə 27-ci polis bölməsinə müraciət edərək, mənzilindən 12 min manat, 1800 dollar və qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı məlumat verib. Hadisə Mirzə Fətəli Axundov küçəsində, evdə heç kəs olmayan vaxtı törədilib. Məsələ ilə bağlı dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları ötən gün cinayəti törətməkdə şübhəli bilinən Elvin İsrafilov, Elnur Qarayev, Baba Sadıqov və onun keçmiş həyat yoldaşı Afiyə Sadıqovanı saxlayıblar. Saxlanılanlardan Baba Sadıqov cinayəti qrup şəklində törətdiklərini etiraf edib.
Faktla bağlı Yasamal rayon polis idarəsində cinayət işi başlanıb. Polis onların analoji cinayətlərinin olmasını da istisina etmir.
Zülfiyyə Telmanqızı
- Baxış: 538