• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1514
— 18.08.2017 19:13

Evlərə qənim kəsilənin yolunu polis kəsdi

KepezTV Player

Məhkumluq həyatı islah üçün əsas şərtdir. Amma bəzən pis vərdişlərə dadanan şəxslər təkrar eyni əməli törədirlər. Sumqayıt polisinin saxladığı şəxslər də ikinci məhkumluq həyatlarını yaşayacaqlar. Polis hədəfinə tuş gələn daha bir dələduz isə silsilə oğurluqlar etməkdə şübhəlidir.

Sumqayıt sakini Cahid Baxşıyev Şəhər Polis İdarəsinə müraciət edərək ötən gün Hacı Zeynalabdin Tağıyev qəsəbəsində tanımadığı iki nəfərin ona bıçaqla xəsarət yetirib 874 manat pulunu və 2 ədəd mobil telefonunu əlindən aldığını bildirib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən keçmiş məhkumlar - Anar Yusifov və Mehman Ağaliyev saxlanılıblar. Onlar istintaqa ifadələrində əməllərini boyunlarına alıblar.

Saxlanılan şəxslərin üzərlərinə baxış zamanı cinayətdə istifadə etdikləri bıçaqlar aşkar olunaraq maddi sübut kimi götürülüb. Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri digər bir əməliyyat nəticəsində şəhər ərazisində silsilə oğurluqlar etməkdə şübhəli bilinən Ceyhun Fyodorov saxlanılıb. Ərafında aparılan əməliyyat tədbirləri ilə onun bu ilin aprel-iyul ayları ərzində şəhər ərazisində 1 evin qarşısından velosiped və təmir-tikinti alətləri, 1 evdən 605 manat pul və qızıl əşyalar, 1 evin həyətindən geyim əşyaları, şəhər sakini olan bir nəfərin 10 000 ABŞ dolları, 700 manat və 40 avro pulunu, 1 qarajdan qaynaq aparatı, habelə binalardan birinin girişindəki liftin əyləc dodağını və mərasim zallarından birindən samovar oğurladığı da müəyyən edilib.

Faktlarla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Polis əməkdaşları quldurluq və oğurluq etməkdə şübhəli bilinən bu şəxslərin digər analoji cinayətlərdə iştiraklarını istisna etmir. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar da varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Sumqayıt ŞPİ-nə müraciət edə bilərlər.

 

Zülfiyyə Telmanqızı