Müasir dövrdəyik, hər işimizi asanlaşdırmaq üçün texnikanın imkanlarından yararlanırıq, şəxsi avtomobillərə sahib olmaq da bu imkanlara daxildir. Çox saylı maşınların şütüdüyü yollarda qeydə alınan qəzalar ən ağır və sağalmaq xəstəliklərə meydan oxuyurlar. Doğrudan da üzücüdür. Nəzarət gücləndirilsə, cərimələr sərtləşdirilsə də, təbliğat aparılsa da, yollardan gələn bəd xəbərlər tükənmir. Dəmir parçasına etibar edib, sürət həddini aşanlar, qanuna göz ardı baxanlar həm özlərini, həm də başqalarını zülmə salırlar. Lənkəranda yas mərasimindən qayıdan paytaxt sakinləri də yolda ağır qəzaya düşüblər. Qəza nəticəsində iki nəfər ölüb, iki nəfər isə ağır yaralanıb. Hadisə Ələt-Astara yolunun Masallı rayonunun Alvadı kəndindən keçən hissəsində qeydə alınıb. Bakı şəhər sakini, 52 yaşlı Nazim Həsənov idarə etdiyi “Toyota Prado” markalı avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşın yoldan təqribən 30 metr aralıda meşəlik əraziyə düşüb. Nəticədə avtomobildə olan sərnişinlər - 49 yaşlı Aidə Həsənova və Afər Əmrahov yerindəcə ölüblər. Sürücü və digər sərnişin Zamiq Həsənov isə ağır xəsarətlərlə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Polis hadisənin baş vermə səbəblərini araşdırır.
- Baxış: 779