• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1321
— 14.08.2017 16:28

Gəncənin Hacıkənd qəsəbəsində abadlıq quruculuq işləri aparılır

KepezTV Player

Burada olan tarixi binalar restavrasiya olunur, yeni turizm obyektləri inşa edilir. Məqsəd turizmin inkişafına təkan vermək, Hacıkənd qəsəbəsinin illər əvvəl mövcud olan şöhrətini özünə qaytarmaqdır.

Hacıkənd qəsəbəsi Gəncədən 23 km cənubda, dəniz səviyyəsindən 1000 metr yüksəklikdə yerləşir. Sahəsi 109 hektardır. Hələ qədim zamanlardan Gəncə və ətraf ərazilərin sakinləri yay aylarında buralara köç edər, bütün yayı burda keçirər, dincələrmiş. Gəncənin demək olar ki, əksər adlı-sanlı, sayılıb-seçilən ailələrinin bu qəsəbədə geniş torpaq sahələri və böyük mülkləri olub.

Hacıkəndin qəsəbə kimi formalaşmasında almanlar böyük rol oynayıblar. 1817-1818-ci illərdə Helenendorfa, yəni indiki Göygöl rayonunun ərazisinə köçürülən almanlar, XIX əsrin ortalarından Hacıkənddə də abadlıq və quruculuq işləri aparıblar. Sovet dövründə də Hacıkənd ittifaqın hər yerindən çoxlu turist qəbul edib. Lakin 1990 -cı illərdə başlayan erməni təcavüzü turizm infrastrukturuna təsirsiz ötüşmür. Həmin illərdə Kəlbəcər, Şuşa və Xocalıdan didərgin düşən həmvətənlərimiz Hacıkəndin turist bazalarına və düşərgələrə yerləşdirilir. 2012-ci ildən başlayaraq Hacıkənd qəsəbəsində turizmin inkişafı istiqamətində aparılan abadlıq-quruculuq işlərinə yenidən star verilib. Hazırda burada olan tarixi binalar restavrasiya edilir. Bunların sırasında “Qubernator evi”, “Qubernator dəftərxanası”, alman milyonçu Forerin yaylaq evini qeyd etmək olar.

Hacıkənddə restavrasiya olunan abidələrdən biri də bu rus pravoslav kilsəsidir. Kilsə 1893-cü ildə inşa edilib və vaxtilə yay aylarında bura istirahətə gələn rus məmurlarına xidmət edirmiş. K.a: Qəsəbədə görülən işlər tarixi binaların bərpası ilə yekunlaşmır. Hacıkəndin dolama-burma yolları bəzi yerlərdə genişləndirilir, yol kənarlarına yeni ağaclar əkilir.

Təbii ki, görülən işlər ürək açandır. Amma bu işlərə, xüsusən də buranın təbiətinin qorunmasına vətəndaşlar da dəstək olmalıdır. Çəkiliş apararkən, “düşərgə yeri” kimi tanınan ərazidə qarşlaşdığımız mənzərə bunu xüsusi vurğulamağımıza səbəb oldu... İzaha ehtiyac yoxdur əslində, hər şey göz qabağındadır... Təbiət qoynunda istirahət etmək yaxşıdır, lakin gəlin çalışaq ki, yeyib-içdiyimiz ərazilərdə bizdən sonra pis iz qalmasın...

Gülnar Fazilqızı