Bu dəfə də yola düzələnlər mənzil başına çatmadılar. Müxtəlif bölgələrdə baş verən qəzalarda həm canından, həm sağlamlığından, həm də malından olanlar oldu.
Astara rayonunda bir nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza Ələt-Astara magistralının rayonun Maşğan kəndi ərazisindən keçən hissəsində yaşanıb. 21 yaşlı Kənan Ağayevin idarə etdiyi "VAZ" markalı avtomobil yoldan çıxaraq daş hasara çırpılıb. Maşının qəzaya düşməsi səhər saatlarında müəyyən edilib. Hadisə nəticəsində sərnişin, Təngərüd kənd sakini 23 yaşlı Xəzan Səmədov aldığı ağır xəsarətlərdən yerindəcə dünyasını dəyişib. Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Sürücü isə Astara Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Bakı-Qazax magistralında da ölümlə nəticələnən qəza qeydə alınıb. Goranboy rayonunun Borsunlu kəndi ərazisində Şəmkir istiqamətində hərəkətdə olan "Mercedes-Benz" markalı avtomobil idarəetmədən çıxaraq arxadan "Kamaz"a çırpılıb. Nəticədə minik maşınının sürücüsü, Şəmkir sakini, 36 yaşlı Elçin Həsənov hadisə yerində dünyasını dəyişib.
Daha bir qəza Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun Zaqatala rayonu ərazisindən keçən hissəsində olub. Biri ağır olmaqla, üç nəfər xəsarət alıb. Rayonun Bəhmətli kənd sakini, 29 yaşlı Cavid Hacıkərimov sükanı arxasında olduğu “VAZ 2106” markalı avtomobilin idarəetməsini itirərək onu aşırıb. Bu zaman sürücü özü və sərnişinləri - 30 yaşlı Ramiz Muradov və onun 9 yaşlı oğlu Atəş müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. Ramiz Muradova qapalı kəllə-beyin travması diaqnozu qoyulub, vəziyyəti ağır qiymətləndirilir. Digər iki yaralı ilkin tibbi yardımdan sonra ambulator müalicəyə göndərilib. Hər üç qəza ilə bağlı araşdırmalara başlanılıb.
Vüsalə Camal
- Baxış: 555