Görmüşük bağına ağac əkərsən, tərəvəz əkərsən. O da yaşıllıq saldı, amma həyat deyil, ölüm saçan yaşıllıq. Balakən sakini həyətində narkoplantasiya saldı. Bu yetməzmiş kimi evində də dibçək gülü əvəzinə narkotik yetişdirdi. Polisin əməliyyatı isə dırnaqarası əməyinin dırnaqarası bəhrəsini görməyə imkan vermədi. İstənilən qanun pozuntusu kimi, bunun da üstü gec-tez açıldı.
Balakəndə polisə daxil olmuş məlumat əsasında rayonun Hənifə kənd sakini, 37 yaşlı Vüqar Əhmədovun yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilib. Nəticədə həyətdəki istixanada və qarğıdalı əkilən hissəsində kultivasiya üsulu ilə əkilib aqrotexniki qaydada qulluq edilən, hündürlüyü 3 metr 80 sm-ə qədər olan 22 ədəd narkotik tərkibli bitki hesab edilən çətənə kolları, yaşadığı evdə isə 31 ədəd şəffav plastik qablarda ümumi sayı 31 ədəd olan çətənə bitkisinin şitilləri aşkar edilərək götürülüb. Əməliyyatın davamı olaraq evin və həyətyanı sahənin müxtəlif hissələrində qablaşdırılaraq saxlanılan 3 kq 500 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Əməliyyat zamanı götürülən vəsait maddi sübut kimi istintaqa təhvil verilib. Faktla bağlı Balakən RPŞ-də CM-nin müvafiq maddələri ilə cinayət işi başlayıb, istintaq tədbirləri davam etdirilir.
Balakən RPŞ “Xaşxaş - 2017” şərti adı altında əməliyyat tədbirləri davam etdirilir.
Vüsalə Camal
- Baxış: 789