Çarə satılan yerdən cəza ilə çıxdı. Çünki aptekə dava-dərman almağa yox, oğurluğa getmişdi. Niyyəti təbii ki, baş tutmadı. Mühafizə polisinin çevikliyi oğruya qaçmaq imkanı vermədi.
Paytaxtın Qurban Abbasov küçəsində Səbail Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən xüsusi vasitələrlə qorunan aptekdən Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Cəmi bir neçə saniyədən sonra İdarənin operativ qrupu hadisə yerinə yaxınlaşıb. Aptek yoxlanılan zaman obyektin pəncərəsinin sındırıldığı aşkar edilib. Oradan oğurluq etməyə cəhd göstərən şəxs Səbail RMİ-nin əməkdaşlarını görüb ərazidən qaçmağa çalışarkən polislərin çevikliyi sayəsində saxlanılıb. Onun üzərindən obyektin dəmir barmaqlıqlarını qırmaq üçün istifadə etdiyi alətlər maddi sübut kimi götürülüb. Saxlanılan şəxsin aptekin pəncərəsini sındırdığı anlar obyektin təhlükəsizlik kameraları vasitəsilə lentə alınıb.
Faktla bağlı başlanan araşdırmalar və müvafiq əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Vüsalə Camal
- Baxış: 617