11 il eyni parta arxasında oturublar. Sadəcə oturublar amma... Əgər ki, nəyisə öyrənsə idilər, o zaman başqasının malına göz dikməyin yaxşı davranış olmadığını dərk edərdilər. Etmədilər ki, əlbir olub Şabran ərazisində, 2 ay ərzində başqa vətəndaşlara məxsus 12 atı oğurladılar, üstəlik satmağa da macal tapdılar. İstənilən qanun pozuntusu kimi, bunun da ömrü çox uzun çəkmədi. Polis oğru dostları əməlinə peşman etdi.
Son iki ayda Şabran Rayon Polis Şöbəsinə at oğurluğu ilə bağlı məlumatlar daxil olub. Müraciət edən vətəndaşlar atlarının otlaq, hətta həyətyanı sahələrindən yoxa çıxmasını bildiriblər. Bununla bağlı polis dərhal əməliyyat qrupu yaradıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Şabran rayonu Şahnəzərli kənd sakinləri 24 yaşlı Sadiq Hüseynov və onun həmyaşıdı Elxan Nuriyev şübhəli şəxs qismində saxlanılıb. Məlum olub ki, sinif yoldaşı olan şəxslər iki ay ərzində Şabran və Xaçmaz rayonu ərazilərindən 12 at oğurlayıb. Onlar ifadələrində həmin atları satmaq məqsədi ilə oğurladığını bildiriblər.
Saxlanılan şəxslər Şabran və Xaçmazda ümumilikdə 10-a yaxın vətəndaşa ziyan vurub. Atların çoxu Şabran rayonunun Söhbətli, Rəhimli, Padar, Uzunboyad və Ağalıq kənd sakinlərinə məxsusdur.
Oğurlanan atların Quba şəhəri ərazisində satılması müəyyənləşib. Saxlanılan şəxslər atları dəyərindən çox aşağı qiymətə satıb.
Faktla bağlı Şabran rayon polis şöbəsində araşdırmalar davam etdirilir.
Vüsalə Camal
- Baxış: 568