Yay dövründə uşaq və yeniyetmələrin idmana marağı daha da artır. Məktəbdə tətil dövrü olduğundan valideynlər fürsətdən istifadə edərək övladlarını idmana yönləndirir. Gəncədə bu baxımdan ən populyar idman növü cüdodur. Bir sıra idman növləri var ki, Gəncədə həmin növlərə kiçik yaşlı idmançıların marağı daha böyükdür. Ən populyar idman isə burada cüdodur. 1 saylı Uşaq Gənclər İdman Məktəbinin cüdo bölməsində yay tətili dövründə yetərincə azyaşlı tatami ustasını görmək mümkündü. Bölmədə 6-8, 9-14 və 15-18 yaş arası 50-ə yaxın cüdoçu bu idman növünün sirlərini öyrənir.
Xanəhməd Rzazadə - məşqçi: “Yay dövrü olmasına baxmayaraq cüdoya maraq çoxdur. İdmançıları normal hazırlayırıq ki, valideynlər də görsünlər övladları gözəl bir idman növü ilə məşğul olurlar və irəli gedirlər. Bizdə bu idmançıları valideyinin və uşağın marağı ilə Azərbaycan cüdosuna qazandırırıq. Demək olar ki, biz idmançıları yay fəslində aşkar edirik. Dərslərdən azad olan zaman uşaqlar idmana meyl edirlər. Bu vaxt biz 1-2 perspektivli uşağı üzə çıxardıb gələcəkdə cüdomuza gətiririk”.
İdman məktəbində az müddət ərzində cüdo ilə məşğul olmasına baxmayaraq qatıldığı yarışlarda uğurlu nəticə göstərən idmançılar da var.
Məhəmməd Məmmədov – cüdoçu: “Mənim 6 yaşım var. Cüdoya 6 aydır ki gəlirəm. Yarışlarda iştirak edərək 3-cü yerə çıxmışam. Gələcəkdə çempion olacam”.
Məşqə yeni başlayan idmançıları həvəsləndirmək üçün bu ay bir sıra yarışların keçirilməsi də nəzərdə tutulub.
Orxan Cəfərzadə
- Baxış: 760