Sıradakı materialımız qəzalarla bağlıdır. Paytaxtda marşrut avtobusu idarəetmənin itirilməsi nəticəsində hasara çırpılıb. Göygöldə isə 3 maşın toqquşub.
Bakıda marşrut avtobusu qəza törədib. Xətai rayonu NZS qəsəbəsində 32 saylı xətt üzrə işləyən avtobus avtoyuma məntəqəsindən çıxıb qaraja gedərkən sürücü 39 yaşlı Ziyafət Kərimov idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı hasara çırpılıb. Hadisə baş verən zaman avtobusda sərnişin olmayıb. Qəza nəticəsində sürücünün döş qəfəsi əzilib və 3 saylı kliniki tibbi mərkəzə aparılıb. Həkimlər vəziyyətinin ağır olduğunu bildirirlər. Bakı-Qazax magistralında isə 3 avtomobilin iştirakı ilə qəza baş verib. Hadisə günorta saatlarında yolun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. 42 yaşlı Qəzənfər İsmayılovun idarə etdiyi “Kamaz” markalı yük avtomobili Bakı istiqamətində hərəkətdə olarkən 48 yaşlı Zahid İsmayılovun idarə etdiyi “Hyundai” markalı kiçiktonnajlı yük avtomobili ehtiyatsızlıqdan arxadan ona çırpılıb. Bu zaman eyni istiqamətdə gedən, 47 yaşlı Akif Mustafayevin sükanı arxasında olduğu “Ford” markalı kiçiktonnajlı yük maşını qəzadan yayınmaq istəyərkən yolun kənarındakı dəmir məhəccərə çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, hər üç nəqliyyat vasitəsinə ziyan dəyib. Faktlarla bağlı araşdırma aparılır.
Vüsalə Camal
- Baxış: 1328