Yarışda yerli pəhləvanlarla yanaşı, digər şəhər və rayonların təmsilçiləri də iştirak edib. Birincilik ulu öndər Heydər Əliyevin adını daşıyan parkda baş tutub. Açıq səma altında ilk dəfə təşkil edilən yarış “İdman zərərli vərdişlərə qarşı güclü mübarizə vasitəsidir” devizi ilə reallaşıb. Açılış mərasimində güləşin Azərbaycanın milli idman növü kimi çox sevildiyi bunun üçün də ölkə pəhləvanlarının daim azarkeşləri qələbələrlə sevindirdiyindən bəhs ediblər. Rəsmi hissədən sonra mübarizəyə start verilib. Bununla da 2 yaş qrupunda 150 idmançı mükafatlar uğrunda yarışa qoşulub.
Anar Cəlilov – yarışın baş hakimi :“Bu yarışı keçirməkdə məqsədimiz odur ki, gənclərimizi sağlam ruhda böyütmək, onları güclü yarışlara hazırlamaqdır. Güclü turnirlərin təməli bu cür birinciliklərdən başlayır. Biz rayonumuzda az bir müddətdir ki, fəaliyyət göstəririk. Çalışıq ki, belə yarışları ənənəvi olaraq təşkil edək. Rayonumuzda bacarıqlı idmançılarımız var.”
Açıq birincilikdə Samux idmançıları ilə birgə Gəncə, Bakı, Şəmkir, Qazax və Yevlax güləşçiləri də xalça üzərinə çıxıb. Yarışın nəticələrinə əsasən, ev sahibləri əldə olunan medalların sayına və əyarına görə komanda hesabında birinci olublar. Şəmkir pəhləvanları ikinci, Gəncə güləşçiləri 3-cü yeri tutub. Birinciliyin sonunda mükafatçılara medal və fəxri fərman təqdim olunub.
ORXAN CƏFƏRZADƏ
- Baxış: 491