Tənbəllik anadır, oğlu oğurluq... Əbəs yerə səslənməyib bu fikir. Çünki bütün dələduzların niyyəti asan qazanc əldə etmək, sonu da asan şəkildə zindana düşməkdir. Günün dələduzlarının hədəfi Sumqayıt olub. Biri şəhər sakinlərinə külli miqdarda ziyan vurub, digəri isə bir neçə velosiped oğurlayıb...
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tərbirləri nəticəsində oğurluq cinayətləri törətməkdə təqsirli bilinən Sumqayıt şəhər sakini əvvəllər məhkum olunmuş Məzahir Əliyev saxlanılıb. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs bu ilin aprel ayından başlayaraq Sumqayıt şəhəri Yaşıldərə bağlar massivində yerləşən fərdi yaşayış evlərindən oğurluq etməyə başlayıb. Məzahir Əliyevin Binəqədi və Abşeron rayonu ərazisində yerləşən fərdi yaşayış evlərindən də oğurluq etdiyi üzə çıxıb. O, mənzillərdən dəyəri 15 min manata yaxın qızıl və 16 min manat pul oğurlamaqla zərərçəkənlərə ümumilikdə 31 min manat maddi ziyan vurub. Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində şəhər ərazisində silsilə velosiped oğurluqları etməkdə təqsirli bilinən Natiq Əliyev də saxlanılıb.
Qeyd edilən faktlarla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir. Polis əməkdaşları oğurluq etməkdə şübhəli bilinən bu şəxslərin digər analoji cinayətlərdə iştirak etdiklərini də istisna etmirlər. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Sumqayıt ŞPİ-nə müraciət edə bilərlər.
- Baxış: 520