Mobil telefonların Dubay-Tbilisi-Bakı marşrut xəttindən istifadə edərək qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi barədə əməliyyat məlumatına əsasən, Tbilisi-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı nəzarətə götürülüb. Heydər Əliyev Beynəlxalq Hava Limanına daxil olan vətəndaşın əlindəki sellofan paket rentgen aparatında nəzarətdən keçirilib. O, üzərində sadəcə 2 ədəd mobil telefonunun olduğunu bildirib.Həmin şəxsin gəldiyi aviareysin təyyarəsinə yoxlama keçirilib. Bu zaman təyyarənin sərnişin salonundakı oturacağın alt hissəsində xüsusi qaydada yerləşdirilmiş bir ədəd noutbuk üçün nəzərdə tutulan qəhvəyi rəngli çanta və bir ədəd sellofan paket aşkarlanıb. Məlum olub ki, çantanın içərisində 110 ədəd mobil telefon gizlədilib. Sellofan paketin yoxlanılması zamanı isə xüsusi qaydada qablaşdırılaraq qoyulmuş mobil telefon üçün qutular və zəmanət kitabçaları aşkar olunaraq götürülüb. Əldə edilən videogörüntülərə əsasən, sözügedən vətəndaşın Dubay-Tbilisi aviareysilə Tbilisi hava limanına gələrək tranzit sərnişinlər üçün nəzərdə tutulan zonadan, əlində mobil telefonların yerləşdiyi qəhvəyi rəngli noutbuk çantası və sellofan paketlərlə birlikdə keçdiyi müəyyən edilib. Qaçaqmalçılıq cinayətinin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsi aydın olub. Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılır.
- Baxış: 921