• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2301
— 29.06.2017 16:49

Gəncə Dövlət Universitetində İnnovasiyalar Mərkəzi yaradılıb

KepezTV Player

Elm və təhsildəki yeni ideyaları dəstəkləyəcək olan mərkəzdə müasir şərait yaradılıb, şöbələr zəruri inventarla və informasiya kommunikasiya texnologiyaları ilə təmin edilib. Mərkəzin əməkdaşları ABŞ, İtaliya, Yunanıstan, eləcə də digər Avropa ölkələrində təhsil alan gənclərdən formalaşdırılıb.

İnnovasiyalar Departamenti 8 şöbə və 1 laboratopriyadan ibarətdir. İlkin olaraq 5 şöbə ilə fəaliyyətə başlayan departamentə daha sonra müasir idarəetmə sisteminə uyğun olaraq əlavə 3 şöbə və 1 laboratoriya birləşdirilib. Məqsədi Gəncə Dövlət Universitetində innovativ mədəniyyət formalaşdırmaq olan departamentin əsas hədəfi ali təhsil müəssisəsində texnoparkın qurulmasıdır.

Vasif Həsənov- GDU-nun İnnovasiyalar Departamentinin direktoru: "Bununla bağlı 10 gün bundan əvvəl Türkiyənin istanbul Universitetində olmuşuq. Onların inter texnoparkında olmuşuq. Onların təcrübəsini bölüşmüşük. Gələcəkdə hansı fəaliyyətləri icra edə bilərik, onları müzakirə etmişik. Onlarla birlikdə GDU-da "start up" məktəblərinin daha sürətli  inkişafı haqqında söhbətlər etmişik. Yəni zaman itirmədən daha tez texnopark olmaq imkanını əldə etmək üçün onlarla təcrübə mübadiləsi apardıq".

Departamentin “İnnovasiya Texnologiyalarının Transver və Marketinqi”, “İnformasiya Resurslarının İdarə Olunması”, “Əqli mülkiyyət” kimi şöbələri, habelə “Kompüterlər və Texniki Təminat” Laboratoriyası yeni ideyaların ortaya çıxarılmasına, elmi araşdırmaların aparılmasına xidmət edəcək.

Xuraman Cavadlı -tələbə: "İnnovativ mərkəzin yaradılması biz tələbələr üçün çox yaxşıdır. İdeyalarımız olur, layihələrimiz olur... Bunların reallaşdırılmasında bizə köməklik göstərəcək".

Leyla Quliyeva-  tələbə: "Mənim bir ideyam var idi. Onu layihə şəklinə saldım, mərkəzə təqdim etdim. İnşa Allah yaxın zamanlarda gerçəkləşər..."

 Mahir Nağıyev-  GDU-nun dosenti: "Bizim burada yüksək sürətli internetimiz var. Digər universitetlərlə əlaqələrimiz var. Həm bizim müəllimlər, həm başqa universitetlərin müəllimləri gəlib burada öz elmi araşdırmalarını reallaşdıra bilərlər".

İnnovasiya Mərkəzinin fəaliyyətə başlaması Gəncə Dövlət Universitetinin biliklərə əsaslanan məhsul istehsalçısına çevrilməsi deməkdir. Bu istiqamətdə departamentdə xüsusi qruplar yaradılacaq ki, həmin qruplara cəlb edilən tələbələrə də təlimlər keçiləcək.

Vasif Həsənov- GDU-nun İnnovasiyalar Departamentinin direktoru: "İnnovasiya haqqında təlimlər keçiləcək. Yəni ideya necə formalaşır, ideyanı necə biznesə, yəni pula çevirmək olar? Bunlar izah olunduqdan sonra onlar içərisindən gənclər seçiləcək. Perspektivli gəncləri burada, mərkəzdə saxlayacağıq. Onlar üçün hər cür şərait yaradılacaq. Onlara öz kiçik bizneslərini yaratmağa köməklik göstərəcəyik".

İnnovasiyalar Departamentində çalışan kadrlara gəldikdə isə, işçi heyət ABŞ, İtaliya, Yunanıstan, eləcə də digər Avropa ölkələrində təhsil alan gənclərdən formalaşdırılıb.

Gülnar Fazilqızı