Yay mövsümünün əvəzolunmaz məhsuludur qarpız və yemiş. Adətən iyul ayında piştaxtalarda görməyə adət etdiyimiz bu bostan bitkiləri bir neçə gündür ki, bazarlarda satışdadır. Alıcılar bəs bu vaxtlar yeməyə adət etmədikləri qarpız və yemişi almağa ehtiyat etmirlər ki?
Alıcı: “Soruşdum satıcılardan onlar da bildirdi ki, təmiz maldı, rahat yiyə bilərsiniz. Başqa heç nə deyə bilmərəm”.
Satıcı: “Deyirlər qarpıza dərman vururlar, bu yalandır. Biz bunu yalnız peyin və torpaqla yetişdiririk. Başqa heç nədən istifadə etmirik ki, insanı zəhərləyə. Mən bu günə qədər görməmişəm ki, hansısa bostançı zəhərlənə. Ola bilsin ki, həmin insanların orqanizmində nəsə var ki, həmin adamlar zəhərlənir”.
Satıcı: “Onun saplağı təzə olanda, demək təzə qarpızdı. Tamına da baxanda əgər ağzında turşuluq əmələ gəlmirsə demək bunun azotu azdır. Əgər turşuluq əmələ gəlirsə, ağızı büzürsə demək azotu çoxdur”.
Alıcı və satıcıların fikri bostan məhsullarının qəbulu üçün təhlükə olmadığını deməyə əsas verir. Və yayın ilk günlərində satışı da normaldı. Hansı ki, mütəxəssislər də bu fikirdədir. Bir şərtlə ki, təsərrüfatçılar məhsulu düzgün qaydada becəriblər.
Mənzər Məmmədova- ADAU-nun dosenti: “Yəni bu dövrdə də məhsulu yemək olar. Lakin təsərrüfatçılar, fermerlər məhsulu artırmaq, yəni kəmiyyətcə həcmini artırmaq üçün azot gübrəsindən daha çox istifadə edirlər. Azot gübrəsindən həddən artıq istifadə olunması isə bildiyimiz kimi həmin meyvələrdə nitrat birləşmələrini çoxaldır, həmin birləşmələr isə orqanizmdə zəhər yaradır. Bu da öz növbəsində insanlarda allergiyanın baş verməsinə səbəb olur, körpə uşaqlarda isə zəhərlənmələr əmələ gəlir”.
Zəhərlənmələr isə hər il müşahidə olunur. Bu il bostan bitkilərindən zəhərlənmə diaqnozu ilə Gəncədə təcili tibbi yardıma çağrış olmasa da qarpız və yemiş yeyərkən həkimlər məsləhəti ondan görür ki...
Namiq Nəbiyev- həkim: “Qarpızı istifadə etmədən öncə onu mütləq şəkildə yaxşıca yumaq lazımdır. Çünki bostanda qarpıza verilən müəyyən dərman və gübrələr onun üst qatında da olur. Qarpızı kəsən zaman həmin gübrələr qarışır məhsulun özünə. Bunun üçün də qarpız əvvəlcə yuyulub, qurudulmalı ondan sonra istifadə olunmalıdır”.
Təsərrüfatçılar becərdikləri məhsulun zərərsiz olduğunu və aqrotexniki qaydalara əməl etdiklərini bildirirlər. Alıcılara isə onlara etibar etməkdən başqa çarə qalmır.
Elton Cabbarlı
- Baxış: 717