• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1874
— 29.06.2017 12:12

Daşkəsən sakininin mənzilindən odlu silah aşkarlandı

KepezTV Player

Daşkəsən sakini ahıl çağında asan qazanc yolunu odlu silah hazırlamaqda tapıb. Bu üsulla yaxşı gəlir əldə edən 78 yaşlı şəxsin növbəti müştərisi polislər olub. Daşkəsən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat zamanı rayon sakininin evindən kustar üsulla hazırlanan bir neçə odlu silah aşkarlanıb.

Daşkəsən Rayon Polis Şöbəsinə 78 yaşlı Bakir Verdiyevin odlu silah hazırlaması barədə məlumat daxil olub. Əməliyyat tədbirlərinə başlayan polis əməkdaşları Verdiyevi şübhəli şəxs qismində saxlayıblar. Onun Daşkəsən qəsəbəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən oradan iki müxtəlif çaplı odlu silah və onlara məxsus patronlar aşkarlanıb.

Qabil Qurbanov- bölmə rəisi: “Tərəfimizdən keçirilən tədbirlər nəticəsində Bakir Verdiyevdən bir ədəd ov tüfəngi, bir ədəd kustar üsulla hazırlanan tapança və həmin tapançada istifadə olunacaq kustar üsulla hazırlanmış patronlar aşkarlanaraq götürülüb”.

Saxlanılan Bakir Verdiyev uzun illərdir bu işlə məşğul olduğunu, ancaq tutduğu əməlin əslində cinayət tərkibi daşıdığını bilmədiyini deyib. Ahıl kişi əməlinə görə peşmanlığını da gizlətməyib.

Bakir Verdiyev saxlanılan şəxs “Bu günü fikirləşməmişəm. 3-4 ildir saxlayırdım. Satmaq fikrim olmayıb. Satsam çoxdan satardım. Səhvə yol vermişəm”.

Bakir Verdiyevin evindən aşkarlanan silahlardan hər hansı bir cinayət əməlində istifadə olunub-olunmadığını müəyyənləşdirmək üçün maddi sübutlar ekspertizaya təqdim edilib. Araşdırmalar gedir.

Natiq Hüseyn