Qarşıdakı 3 ay ərzində manatın məzənnəsində hər hansı ciddi dəyişiklik gözlənilmir. Ümumiyyətlə, proqnozlara görə dollara tələbin artması baxımından ən çətin aylar avqustun ikinci yarısı, eyni zamanda dekabr aylarıdır. Bu zaman manat ucuzlaşa bilər. Yay aylarında istehlak məhsulları bazarında mövsümi məhsullar üzrə qiymət azalmaları olacaq. Əlbəttə ki, bu proqnozlar neftin dünya bazar qiymətinə uyğun olaraq təyin edilir. Qara qızılın orta qiymətinin 2017-ci ildə istənilən halda yüksək olacağı deyilir.
Manatın dollara nisbətən məzənnəsi proqnozlaşdırılan zaman qara qızılın qiyməti nəzərə alınmalıdır.
İlham Şaban- Neft Araşdırmaları Mərkəzinin rəhbəri: “2016-cı ilin orta qiyməti 2017-ci ilin orta qiymətini nəzərə alıb artım enmə templərini götürsək 2017-ci ildə neftin orta qiyməti istənilən halda yüksək olacaq. Bu büdcəyə ödəmələri artıracaq. İkinci bir tərəfdən şirkətlərin gəlirlərinin artımı deməkdir. Başqa bir tərəfdən növbəti illər üçün ümumiyyətlə neftin orta qiymətinin 50 dollar civarı ətrafında formalaşmasına təsir edən amildir””.
Manatın taleyinə gəlincə, proqnozlara görə ilin sonuna qədər mövcud məzənnənin qorunub saxlanacağı gözlənilir. Güman olunur ki, yaxın dövrlər üçün Mərkəzi Bank mövcud qiymət intervalını qoruyub saxlamağa çalışacaq.
Vüqar Bayramov- iqtisadçı: “Proqnozlara görə, manat üçün dollara tələbin artması baxımından ən çətin aylar avqustun ikinci yarısı eyni zamanda dekabr aylarıdır. MB mövcud alətlərdən istifadə edib avqust və dekabr aylarında dollara olan tələbi optimallaşdırmağa çalışmalıdır ki, manatın məzənnəsində azalmalar müşahidə edilməsin”.
Sözügedən aylarda inflyasiya səviyyəsi birbaşa manatın məzənnəsindən asılı olacaq. Payız mövsümünün başlaması ilə qiymətlərdə də müəyyən qədər artımlar ola bilər.
Vüqar Bayramov- iqtisadçı: “Gözlənilir ki, mövsümi olaraq növbəti aylarda əsasən iyul və avqust aylarında istehlak bazarında kəskin qiymət artımları olmayacaq. Hətta tərəvəz və kənd təsərrüfatı məhsulları üzrə qiymətin iyunun növbəti günləri və iyulda azalacağı gözlənilir. Çünki mövsümi olaraq bazara çıxarılan məhsulların həcmində artımlar olacaq. Amma qiymət artımları yenidən sentyabrda proqnozlaşdırılır”.
Bəzi investorların təhlükəsiz liman adlandırdığı qızıl bazarında da yay aylarında kəskin azalmalar olmayacaq. Pulumuzun bol, qiymətlərin ucuz olması diləyiylə...
Jalə Qurbanova
- Baxış: 1434