Ukraynanın Xarkov şəhərində kişi boksçular arasında keçirilən Avropa çempionatına yekun vurulub. 44 ölkədən 400-ə yaxın dəri əlcək ustasının iştirak etdiyi yarışda Azərbaycan yığmasının üzvləri də rinqə çıxıb.
Millimizin qitə çempionatındakı nəticəsi ürəkaçan olmayıb. Ukraynaya 10 idmançı ilə yollanan komandamızın qazancı cəmi bir medal olub. Bu mükafatı da 75 kq çəki dərəcəsində mübarizə aparan Kamran Şahsuvarlı qazanıb. Həlledici görüşədək 3 rəqibini yolundan kənarlaşdıran Olimpiya mükafatçımız finalda ukraynalı Aleksandr Xijnyakla üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə yekunlaşıb. Nəticədə 25 yaşlı boksçumuz Avropa çempionatını gümüş medalla bitirib.
Qeyd edək ki, Avropa çempionatında millimizin 5 üzvü 1/4 finala kimi irəlilədiyindən dünya çempionatına lisenziya da qazanıb. Şahsuvarlı ilə yanaşı, Lorenzo Sotomayor, Pərviz Bağırov, Abdulqadir Abdullayev və Məhəmmədrəsul Məcidov avqustun 25-də Almaniyanın Hamburq şəhərində start götürəcək mundiala qatılmaq hüququna yiyələniblər.
Azad Rəfi
- Baxış: 443