• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 872
— 26.06.2017 13:51

Gəncədə 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü təntənəli şəkildə qeyd edilib

KepezTV Player

Bu gün Azərbaycanda Silahlı Qüvvələr günü kimi qeyd edilir. Əlamətdar günün tarixi Cümhuriyyət zamanına dayanır. 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusu yaradıldı. Ümummilli lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən isə 26 iyun ölkədə Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilib. Artıq 19 ildir ki, bu mötəbər gün respublikamızda təmtəraqla qeyd olunur. Bu gün Azərbaycan Silahlı Qüvvələri Qafqazda ən müasir, ən güclü ordudur. Azərbaycan  MDB ölkələri arasında ən güclü hava hücumundan müdafiə qüvvələrinə malik ölkələrdən sayılır. 2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 135 milyon ABŞ dolları olduğu halda, 2015-ci ildə bu rəqəm 4,2 milyard ABŞ dolları təşkil edib. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir. Bu imkanların, inkişafın məntiqi sonluğu isə işğal altındakı torpaqların azad edilməsi olacaq. Rəşadətli, qəhrəman Azərbaycan ordusu xalqın buna olan inamını daha da artırıb.

Gəncədə yerləşən N saylı hərbi hissədə də 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü təntənəli şəkildə qeyd edilib.  Silahlı qüvvələrin yaranmasının 99-cu il dönümü münasibəti Müdafiə Nazirliyinin nümayəndələri, eləcə də hərbi hissə komandanlığı şəxsi heyət qarşısında çıxış edərək Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixindən onun keçdiyi şərəfli yoldan bəhs ediblər. İlk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə yaradılan silahlı qüvvələr 1920-ci ildə süquta uğradılsa da, 1991- ci ildə yenidən öz müstəqilliyini bərpa edən Azərbaycan Respublikası Ali Sovetin qərarı ilə silahlı qüvvələr yenidən yaradılıb. Hazırda Azərbaycan ordusu həm döyüş imkanlarına həmdə müasir maddi texniki bazasına görə Cənubi Qafqazın ən güclüsü olmaqla yanaşı həmdə dünyanın seçilən ordularından hesab edildiyi şəxsi heyyətin diqqətinə çatdırılıb. Gənc əsgərlərə vətənin keşiyində daim ayıq sayıq dayanmağı və düşmənə qarşı amansız olmaq tapşırılıb. Daha sonra hərbi xidmətdə fərqlənən əsgər, gizir və zabitlərə fəxri fərmanlar və mükafatlar verilib. Bayram tədbiri Gəncə Dövlət Filarmoniyasının musiqi kollektivinin ifası ilə davam edib.  

 

Zülfiyyə Telmanqızı