• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1148
— 23.06.2017 16:33

Ard-arda qazandığı zəfərlərlə ölkəmizin fəxri olan Ramil Qasımov

KepezTV Player

Ramil Qasımov Azərbaycanda ən titullu paralimpiyaçılardan biridir. Tatami ustasının medal kolleksiyasında ən mötəbər yarışların baş mükafatı var.

2013-cü ildən paracüdo üzrə güləşməyə başlayan idmançı tez bir zamanda uğurları sıralayıb. İlk ildə Avropa çempionatının qızıl medalını qazanan Qasımov bir il sonra eyni nailiyyətə dünya çempionatında imza atıb. Ramil 2015-ci ildə Dünya Kubokunun qalibi olmaqla iki qat Avropa çempionu tituluna sahib çıxıb. Gəncəli paracüdoçu ən böyük uğurlarına isə son iki ildə nail olub. Əvvəlcə ötən il Rio Paralimpiya Oyunlarının ən yüksək mükafatına layiq görülən tatami ustası son olaraq ölkəmizdə keçirilən İslamiadada fəxri kürsünün ən uca pilləsinə qalxıb.

Ramil Qasımov tanınmış mütəxəssis, iki növdən əməkdar məşqçi olan, “Şöhrət” ordenli Əli Hacıyevin yetirməsidir. Qasımov 28 il öncə Hacıyevin rəhbərliyi altında idmanla məşğul olmağa başlayıb.
 

İştirak etdiyi bütün yarışlardan vətənə qızıl medallarla dönən paralimpiyaçı xalqın dəstəyindən ruhlandığını və ilk növbədə həmişə idman azarkeşlərini sevindirməyə çalışdığını bildirib.
 

Paralimpiyaçının uğurları yüksək əyarlı mükafatlarla qiymətləndirilib. Ramil Qasımov nailiyyətlərinə görə, əməkdar idman ustası adı və “Şöhrət” ordeni ilə təltif olunub. Xüsusi olimpiya təqaüdünə layiq görülüb.

Azad Rəfi