Daşkəsən rayon Uşaq Musiqi Məktəbinin müəllimi narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinir. Polis əməkdaşları həmin şəxsin üzərindən narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkarlayıblar. Musiqi məktəbinin qarmon müəllimini və onun müştərisini tanımaq istəyirsinizsə ekranlar bir qədər də yaxın əyləşin.
Daşkəsən Rayon Polis Şöbəsinə 50 yaşlı Fikrət Bəhramovun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu barədə məlumat daxil olub. Əməliyyat tədbirləri keçirən polis əməkdaşları çöx keçməyib ki, rayon sakinini yaşadığı ünvanın yaxınlığında saxlayıblar. Onun üzərinə baxış keçirilən zaman məlumatın doğru olduğu üzə çıxıb.
Elmar Ələkbərov - baş təhqiqatçı: “Onun üzərinə baxış keçirilən zaman şalvarının sağ cibindən bir kibrit qutusu, sol çibindən isə 4 bükümdə narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkar olunub”.
Daşkəsən Rayon Uşaq Musiqi Məktəbində qarmon üzrə dərs deyən müəllim Fikrət Bəhramov ilkin ifadəsi zamanı üzərindən aşkarlanan marixuananı yol kənarında tapdığını deyib. O, polisləri inadırmağa çalışıb ki, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün saxlayırmış.
Fikrət Bəhramov - saxlanılan şəxs: “Mən yol qırağından sellofanı tapmışdım. Özüm istifadə etmək üçün götürmüşdüm. Evdən çıxarkən polis əməkdaşları saxladılar”.
Ancaq müəllimin polisi yanıltma cəhdi özünü doğrultmayıb. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Bəhramovun üzərindən aşkarlanan narkotik vasitəyə müştəri çıxan rayon sakini 46 yaşlı Daşqın Əliyev də saxlanılıb.
Daşqın Əliyev - saxlanılan şəxs “Zəngləşdik, bir saatdan sonra görüşməliydim. 15 manat verib, bir büküm şey götürməliydim. Çayçının yanında gözləyirdim. Bir də eşitdim ki, Fikrəti polislər aparıb”.
Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Natiq Hüseyn
- Baxış: 2381