• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 907
— 21.06.2017 17:19

Gəncədə iki avtomobil toqquşdu

KepezTV Player

Ölkənin müxtəlif şəhər və rayonlarında qeydə alınan qəzalardan danışacağıq. Hadisələrdən birində ata və oğul, digərində yolu keçmək istəyən qadın həyatından olub. Xəsarətlə nəticələnən hadisələr də var.

Hacıqabul-Bəhramtəpə magistralının Sabirabad rayonunun Nizami kəndi ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “VAZ 2106” markalı minik avtomobili ilə “Shachman” yük avtomobili toqquşub. Nəticədə “VAZ 2106”da olan iki nəfər -sürücü, Saatlı rayonu Mircəlal kənd sakini 59 yaşlı Həsənxan Astanov və onun oğlu 28 yaşlı Dəyanət Astanov hadisə yerində ölüblər.

Bakı-Qazax magistralında da yol qəzası baş verib. Hadisə yolun 422-ci kilometrliyində, Tovuz rayonu Əyyublu kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan “Opel” markalı avtomobil yolu keçmək istəyən Tovuz rayon sakini, 61 yaşlı Ceyran Rəsulovanı vurub. Ağır bədən xəsarətləri alan qadın xəstəxanaya aparılan zaman yolda keçinib.

Gəncədə də piyadanın vurulması ilə nəticələnən yol qəzası olub. Hadisə şəhərin Abbas Səhhət küçəsində, “Sərçə bazarı”nın yaxınlığında baş verib. “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirib və səki ilə hərəkət Samux rayon Nəbiağalı qəsəbə sakini Elyanə Namazovanı vurub.  Dizindən və başından xəsarət alan 53 yaşlı qadın Abbas Səhhət adına şəhər xəstəxanasına yerləşdirilib. Vəziyyəti normal qiymətləndirilir. 

 

Gəncədə yol qəzası olub. Hadisə şəhərin Bəxtiyar Əliyev küçəsi ilə Nəriman Nərimanov prospektinin kəsişməsində qeydə alınıb. Gəncə sakini 25 yaşlı Fuad Məmmədov “Niva” markalı abtomobillə B.Əliyev küçəsi ilə hərəkətdə olan Göygöl sakini,  35 yaşlı Koto Mixailin sükanı arxasında olduğu “Mercedes” markalı nəqliyyat vasitəsi toqquşub. Zərbənin gücündən “Niva” aşıb, xəsarət alan yoxdur. İlkin ehtimala görə, qəzaya səbəb “Niva”nın sürücüsünün işıqforun qırmızı işığına məhəl qoymayaraq, avtomobili hərəkət etdirməsi olub.

Daha bir yol-nəqliyyat hadisəsi Şamaxıda olub. Qəza Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 107-ci km-də qeydə alınıb. Bakı sakini 33 yaşlı Rafiq İslamov "Nissan" markalı avtomobillə hərəkətdə olarkən Qobustan sakini Samir Zahidovun idarə etdiyi “Kamaz” markalı yük avtomobili ilə toqquşub. Nəticədə "Nissan"ın sürücüsü Rafiq İslamov və onun sərnişini,  Bakı sakini 25 yaşlı Dəstəgül Hüseynova müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar Şamaxı Mərkəzi rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdiriliblər. 

Bütün faktlarla bağlı cinayət işi açılıb, araşdırmalar davam edir.

 

Ruhəngiz Hacızadə