Goranboy sakininin Mingəçevirdə külli miqdarda narkotiki satmaq sevdası baş tutmayıb. Məhkumluq həyatı yaşayan şəxsin yolu yenə də dəmir barmaqlıqların arxasından keçməli olacaq.
Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinə Mingəçevir şəhəri ərazisində bir nəfərin narkotik vasitəni satacağı barədə əməliyyat məlumat daxil olub. Polis əməkdaşlarından ibarət əməliyyat qrupu Kür çayının Mingəçevirdən keçən hissəsinin sahilində quraşdırılan yanalma körpüsünə yollanıb. Həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən ünvanda Goranboy rayon sakini, əvvəllər məhkum olunmuş Tariyel Abdulkərimov şübhəli şəxs qismində saxlanılaraq polis idarəsinə gətirilib. Üzərinə baxış keçirilərkən ona məxsus idman çantasından ümumi çəkisi 4 kiloqram 600 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Zülfiyyə Telmanqızı
- Baxış: 582