• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 806
— 21.06.2017 10:32

Yeni Volkswagen Polo

Volkswagen avtoistehsalçıları 6-cı nəsil kompakt Polo modelini ictimaiyyətə göstəriblər. Ancaq kompakt sözü bu dəfəki maşına o qədər də uyğun deyil. Çünki nəsil dəyişikliyindən sonra Polonun ölçüləri artıb və demək olar köhnə Golf modelinə çatıb. Uzunluğu 4 053 mm, eni 1751 mm, hündürlüyü 1 446 mm-dir. Bu göstəricilər baqaja təsir etməyə bilməzdi. O, əvvəlki modelindən 25% daha iri alınıb və indi 351 litr yük götürmək qabiliyyətindədir. Yeni avtomobilə təcili əyləcli adaptiv kruiz-kontrol, parketmə assistenti, ölü zonalara nəzarət sistemi, işıq diodlu faralar, rəqəmsal alətlər paneli və 8 düymlük ekranı olan multimedia sistemi quraşdırıblar. İlk dəfə Polo açarsız daxil olma və motoru düymə ilə işə salmaq imkanı da əldə edib. Motor qammasının ən kiçik nümayəndəsi litrlik 3 silindrli motordur ki, o da atmosfer variantda 65 ya da 75 at gücündə, turbo versiyada isə 95 ya da 110 at gücündə təklif olunur. Yeni 150 at güclü litr yarımlıq mühərrik də təklif arasındadır. Ağır yanacaqlı modifikasiyaya 1.6 litrlik 80 və 95 at güclü dizel aqreqatlardan biri cavabdehdir. Ən üst motor isə 200 at güclü turbomotordur. Mühərrikin növündən asılı olaraq Polo 5 və ya 6 pilləli mexaniki ya da avtomatik sürət qutusu ilə təchiz olunacaq. Avropa bazarında yeni Volkswagen Polo-nun satışları il ərzində baş tutmalıdır. Müştərilər isə ona növbəti ildən qovuşacaqlar. Almaniyada maşının baza qiyməti 12 975 avroya bərabərdir.

Cavanşir Məmmədzadə