• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 832
— 20.06.2017 12:59

Goranboyun taxıl zəmilərində məhsuldarlıq ürəkaçandır

KepezTV Player

Aqrar rayon olan Goranboyda bu ilki mövsüm ili üçün 18 min 800 hektar ərazidə dənli bitkilərin əkilməsi aparılıb. Vaxtında aparılan aqrotexniki qulluq və suvarma işləri sahələrdə bol məhsulun təməlini qoyub. Hazırda taxıl zəmilərində biçin kompaniyasına start verilib. Fermerlər hər hektardan 30-35 sentner məhsul əldə etməyi proqnozlaşdırırlar.

Goranboyda strateji məhsul sayılan taxılın biçininə başlanılıb. İşlər ilkin olaraq rayonun aran hissəsindən start verilib. Biçin kompaniyasına “Aqrolizinq”in rayon filialının və fiziki şəxslərin 61 ədəd kombaynı cəlb olunub. Sahələrdə məhsulun itkisiz və vaxtında yığılması üçün fermer təsərrüfatlarında işlər növbəlilik əsasında aparılır. 1 hektarın kombaynla biçilməsi isə fermerlərə 35 manata başa gəlir.

Həsən Rəşidi- fermer: “3 hektar buğda, 4 hektar arpa əkmişəm. Məhsuldarlıq da çox yaxşıdır, 35-40 sentnerə yaxındır. Arpanın 1 kiloqramının qiyməti 25 qəpik, buğdanınkı isə 35 qəpikdir. Qiymət ötən ilə nisbətən çox yaxşıdır. Bu il fermerin əli pula dəyəcəkdir”.

Xəlil İlyasov- fermer: “Hazırda sahəmdə biçin işləri aparılır. Vaxtında suvarma işləridə aparılıb deyə, 30-28 sentner məhsul əldə edəcəyik. “Aqrolizinq”lə müqavilə bağlanılıb məhsul biçilir və texnikalarla daşınır. Texnika sarıdan problemimiz yoxdur”.

Yığılan məhsul daxili tələbatı ödəməklə yanaşı, qonşu rayonlara da satış məqsədilə ixrac edilir. Rayon ərazisində aparılan biçin kompaniyasının 10 günə kimi yekunlaşdırılması nəzərdə tutulur.

Rafət Qurbanov- Goranboy RİH-nin şöbə müdirinin müavini: “Bizim ətraf rayonlarımız olan Göygöldə və Şəmkirdə biçin hələ ki, başlamadığı üçün oradakı hüquqi və fiziki şəxslərə məxsus olan kombaynları biçinə dəvət eləmişik. Bu ilki məhsuldarlıq ötən ilə nisbətən daha yaxşıdır. Taxılın sahələrdə tədarük olunması və daşınması üçün də kifayət qədər texnika ayrılıb”.

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən buğdanın hər hektarı üçün 100 manat, arpa üçün isə fermerlərə 50 manat subsidiya da verilir. Bu da rayonda dənli bitkilərin əkib becərilməsi ilə məşğul olanlara əlavə bir stimul verir.

 

Xaliq Qurbanov