• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1921
— 15.06.2017 13:58

Samux və Göygöldə Milli Qurtuluş Günü silsilə tədbirlərlə qeyd olunub

KepezTV Player

Xalqın vətəndaş müharibəsi və dövlət olaraq məhv olmaqdan qurtulduğu gün Samux və Göygöl ictimaiyyəti tərəfindən də bayram edilib. 24 il bundan əvvəl cərəyan edən hadisələr təhlil edilərək dahi şəxsiyyət Heydər Əliyevin  misilsiz xidmətləri xatırlanıb.

Samuxda Milli Qurtuluş Gününə həsr olunan tədbir ulu öndər Heydər Əliyevin abidəsini ziyarətlə başlayıb. Xalqımızın böyük oğlunun adını daşıyan mərkəzdə şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanışlıq da olub. Tariximizə qızıl hərflərlə yazılan 15 iyunun ölkə və xalq üçün əhəmiyyəti, vətəninə bağlı olan Heydər Əliyevin çətin və ağrılı günlərdə xalqla birgə olması xatırlanıb. Həmin tarixdən etibarən dahi şəxsiyyət Heydər Əliyev və prezident İlham Əliyevin ölkənin hərtərəfli inkişafı üçün gördüyü işlərdən söhbət açılıb. Samuxda həyata keçirilən infrastruktur layihələrinin sosial, iqtisadi və mədəni tərəqqiyə gətirdiyi vurğulanıb. Tədbir konsert proqramı ilə davam edib.

Göygöllülər də Azərbaycana qurtuluş bəxş edən ümummilli lider Heydər Əliyevin xatirəsini rayon mərkəzində ucaldılan abidəsini ziyarətlə anıblar. Mərkəzi istirahət parkında təşkil edilən ümumrayon toplantısında ulu öndərin xalq və tarix qarşısında böyük xidmətlərindən söz açılıb. 1993-cü ilin iyununda hakimiyyətə gələn Heydər Əliyevin ölkədə sabitlik və əmin-amanlıq yaratdığı, inkişafa təkan verdiyi, dövlət quruculuğuna başladığı önə çəkilib. Ulu öndərin zəngin siyasi irsinin davam etdiyi, prezident İlham Əliyevin rəhbərliyi altında Göygöldə də reallaşdırılan layihələrdən danışılıb. Bayram tədbiri tanınmış incəsənət ustalarının iştirakı ilə bədii hissə ilə yekunlaşıb.

Natiq Hüseyn