Həyatımız asanlaşıb. Avtomobillərlə, hamar yollarla istədiyimiz mənzilə rahat və vaxta qənaətlə çatırıq. Amma müasir zamanın, texnologiyanın bizə bəxş etdiyi bu nemətlərlə diqqətli və məsuliyyətli davranmalıyıq. Əksi bağışlanmır. Əksi olanda yol qəzaları meydana gəlir. Yol qəzaları isə ya ölümdür, ya xəsarət, ya da ki, mala, cibə, əsəbə ziyan. Bu gün qəzalardan ziyan çəkən həm də məzunlar olub.
Ağstafa rayonunda minik avtomobili radar dirəyinə çırpılıb. Hadisə rayonun Dağkəsəmən kəndində baş verib.
Bakı şəhər sakini İntiqam Abbasov idarə etdiyi VAZ-2107 markalı avtomobili yolun kənarında quraşdırılan sürətölçən cihazın dirəyinə vurub. Nəticədə sürücü və sərnişinləri - Bakı şəhər sakini Rusif Eyvazov və Lənkəran rayon sakini Hüseyn Rəhimov xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdirilib. Göstərilən yardımlara baxmayaraq, Hüseyn Rəhimov orada ölüb.
Ucar rayonunun Heydər Əliyev prospektində Göyçay rayon sakini, 22 yaşlı Namiq Məmmədovun idarə etdiyi "VAZ-2107" markalı minik maşını ilə "Mercedes" markalı avtomobil toqquşub. Nəticədə “VAZ”ın sürücüsü və sərnişinlər - 17 yaşlı Fərhad Əhmədov və 19 yaşlı İlham İsmayılov müxtəlif xəsarətlər alıblar. Yaralılar Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdiriliblər. Göyçay rayon sakinləri olan Fərhad Əhmədov və İlham İsmayılov orta məktəbdən bu il məzun olublar.
Paytaxtın Yasamal rayonunda, Bakı metropoliteninin "Elmlər Akademiyası" stansiyası yaxınlığında yol qəzası qeydə alınıb. 62 yaşlı Rumiyyə Ağayeva yolu keçmək istəyən zaman "Lada Priora" markalı avtomobil onu vurub. Ağır xəsarət alan Ağayeva xəstəxanaya çatdırılsa da, bütün müdaxilələrə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. Sürücü saxlanılıb.
Yasamal rayonunda daha bir piyadavurma hadisəsi Bakıxanov körpüsünü yaxınlığında baş verib. Taksi kimi fəaliyyət göstərən “Mercedes” markalı avtomobil yolu keçmək istəyən 83 yaşlı Svetlana Turkinanı vurub. Yaralı xəstəxanaya aparılan zaman dünyasını dəyişib. Qəzanı törədən sürücü saxlanılıb.
Bütün faktlar araşdırılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 734