• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3203
— 14.06.2017 13:00

Dünyanın bır sıra futbol üzrə yığma komandaları yoxlama görüşlərində üz-üzə gəliblər

Günün ən diqqətçəkən oyununda Avropanın iki nəhəng millisi - Fransa və İngiltərə qarşılaşıb. Görüşün əvvəli meydan sahibləri üçün yaxşı başlamayıb. 9-cu dəqiqədə Hari Keyn britaniyalıları önə keçirib. Amma ilk yarının sonuna qədər fransızlar oyunun axarını xeyirlərinə dəyişə biliblər. 22-ci dəqiqədə qapıçının qaytardığı topa özünü yetirən Samuel Umtiti hesabı bərabərləşdirib. Ardınca 43-cü dəqiqədə Cibril Sidibe fərqlənərək Fransanı irəli çıxarıb. Oyunçu demək olar ki, Umtitinin qoluna bənzər vəziyyətdən qapıya yol tapıb. İkinci hissənin əvvəli də xoruzlar üçün pis keçib. 47-ci dəqiqədə cərimə meydançasında rəqib oyunçunun qarşısını kobudluqla alan Rafael Varan penaltiyə səbəb olmaqla yanaşı qırmızı vərəqəylə də cəzalandırılıb. Topun arxasına keçən Hari Keyn şansını qaçırmayaraq tablodakı rəqəmləri ikinci dəfə bərabərləşdirib və dubl müəllifinə çevrilib. Ruhdan düşməyən meydan sahibləri oyunda ikinci dəfə dönüş yaradaraq qələbə qolunu vurmağa müvəffəq olublar. 78-ci dəqiqədə Dembele adından söz etdirməklə görüşdə son nöqtəni qoyub. 3:2 Fransanın əzmkar qalibiyyəti.

Millimizin qrupdakı rəqibi Norveç doğma publika önündə İsveçi sınağa çəkib. İlk hissənin başa çatmasına 1 dəqiqə qalmış vikinqlər Mohammed Elyunussinin qolu sayəsində fasiləyə üstün yollanıblar. Amma Norveç bu hesabı sonadək qoruya bilməyib. Qarabağın keçmiş hücumçusu Samuel Armenteros küncdən havalandırılan yumşaq mərmini başıyla tora salaraq yekun hesabı təyin edib. 1:1

Digər qitənin təmsilçiləri olan Avtraliya-Braziliya görüşündə favorit sayılan sambaçılar sensasiyaya imkan verməyiblər. Qarşılaşmanın 10-cu saniyəsində cənubi amerikalılardan Dieqo Souza diqqətləri üzərinə çəkərək yığmasının tarixində ən erkən qoluna imza atıb. Birinci hissə bu hesabla qurtarıb. İkinci yarıda qonaqlar daha 3 dəfə rəqibi mərkəzə dəvət ediblər. 62-ci dəqiqədə Tiaqo Silva və 75-ci dəqiqədə Tayson yaşıl qitə təmsilçisini məyus edərək fərqi 3 topa yüksəldib. Oyunda sonuncu qol isə dubl edən Dieqo Souzanın ayağına yazılıb. Yekun nəticə Avstraliya 0 Braziliya 4.

 

Orxan Cəfərzadə