Gürcüstanda sərbəst güləş üzrə Qızıl Qran Pri turniri keçirilib. Yarışda iştirak edən yığma komandamızın heyətində Gəncə güləşçiləri də olub. Qalib Əliyev və Ruslan Qasımov Tbilisidə döşək üzərinə çıxıb.
Bu ikilidən Əliyevin çıxışı uğurlu alınıb. Belə ki, komanda yoldaşından fərqli Qalib Qran Pridə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bununla da, Əliyev bu il qatıldığı ikinci mötəbər turnirdə qızıl medal qazanıb.
Qalib Əliyev- Qızıl Qran Prinin qalibi: “2017-ci il karyeramda uğurlu il oldu. Əvvəlcə Türkiyədə Yaşar Doğu turnirində, indi isə Gürcüstanda qalib gəldim. Güclü yığmalar yarışda iştirak edirdi”.
Qalib Əliyev 61 kq çəki dərəcəsində bütün rəqiblərindən üstün olaraq qızıl medala sahib olub. Ən dəyərli mükafata aparan yolda pəhləvan 3 görüş keçirib. Onun xüsusən də, ¼ finalda erməni idmançıya görüşü parlaq alınıb. Düşmən ölkənin güləşçisini döşəyə çıxmağa peşman edən Əliyev rəqibini vaxtından əvvəl təslim olmağa məcbur edib.
Qalib Əliyev- Qızıl Qran Prinin qalibi: “İlk görüşümdə rəqibim erməni idi. Çox məsuliyyətli çıxmışdım, qələbə qazanacağıma inanırdım, elə də oldu. Daha sonra Türkiyə, finalda isə Gürcüstan idmançısına qalib gəlib birinci oldum. Qarşıdakı Bakıda Heydər Əliyev Qran Prisi və dünya çempionatı var”.
Gürcüstanda yarışında Qalib Əliyevin medalından əlavə millinin üzvləri daha 3 mükafat əldə ediblər. Güləşçilərimiz 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.
Azad Rəfi
- Baxış: 860