• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1284
— 09.06.2017 16:10

Şəmkir, Göygöl və Goranboyda qazılan subartezian quyuları və su nasos stansiyası istifadəyə verilib

KepezTV Player

Əkin sahələrində suvarmanı təmin etmək məqsədi ilə, Şəmkir, Göygöl və Goranboyda qazılan subartezian quyuları və su nasos stansiyası istifadəyə verilib. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə “Meliorasiya və Su təsərrüfatı” ASC tərəfindən icra edilən layihə məhsuldarlığı artırmağa və fermerlərin kənd təsərrüfatına marağının artmasına imkan verir.

Bölgədə 180 min hektar suvarılan sahə var ki, bunun da 50 mini subartezian quyuları vasitəsiylə suvarılır. Şəmkirçay dəryaçasının istifadəyə verilməsi isə regionda 70 min, rayonda isə 8 min hektar əkin sahəsinin suvarılmasını yaxşılaşdırıb. Şəmkirdə sayca 16-cı olan Yenikənd yaşayış məntəqəsində subartezian quyusunun istismara verilməsi isə suvarmada əlavə imkanlar açır.

Göygöldə Bəhrəmbəy su nasos stansiyası da əsaslı təmirdən sonra istifadəyə verilib. Bu becərilməyən torpaqların da əkin dövriyəsinə cəlb edilməsinə imkan verir. Su nasos stansiyası saatda 1260 kub metr su istehsal etmək gücündədir, bu isə 135 hektar sahəni suvarmağa imkan verəcək. Göygöl suvarma sistemləri idarəsinin mövcud artezianlarının birində quraşdırılan onlayn sistem isə MDB məkanında ilk dəfə olaraq idarəetməni asanlaşdırmağa və əl əməyini yüngülləşdirməyə, suya və elektrik enerjisinə qənaət etməyə hesablanıb. 

Goranboy rayonunun Gülməmmədli kəndində də yeni subartezian quyusu istifadəyə verilib. Bu suvarma suyuna olan ehtiyacı ödəməklə əkin sahələrini artırmağa şərait yaradır. 

Həyata keçirilən meliorativ tədbirlər nəticəsində Goranboy və Samux rayonlarında 4600 hektar suvarılan sahə əkin dövriyyəsinə qatılacaq. Bunun 3400 hektarı Goranboy, 1200 hektarı isə Samux rayonunun payına düşür.


Fermerlərin suvarmaya olan tələbatının ödənilməsi son nəticədə ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcək.

Natiq Hüseyn