“Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan yığmasının əldə etdiyi parlaq uğurlarda Gəncə idmançılarının da imzası var. Belə ki, Nizami yurdunun yetirmələri İslamiadada 2 ən yüksək əyarlı medal qazanıblar.
Qızıl medallardan biri kollektiv, digər fərdi yarışlarda millimizin hesabına yazılıb. Basketbolun 3X3 növündə kişilərdən ibarət milli komandanın heyətində Amil Həmzəyev İslam Oyunlarının qalibi olub. Digər qızıl medala isə Gəncə idmançılarından Ramil Qasımov layiq görülüb. Paralimpiyaçı cüdo yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qasımov 2016-cı ildə Rio Paralimpiya Oyunlarında qazandığı uğuru İslamiadada təkrarlayıb. Nizami Gəncəvinin məqbərəsi önündə keçirilən qarşılanma mərasimində şəhərin idman ictimaiyyətinin nümayəndələri, idmansevərlər, həmçinin qızıl medalçıların yaxınları iştirak edib. Azərbaycanın növbəti ən böyük yarışını yüksək səviyyədə keçirməsindən danışan natiqlər ölkə idmançılarının İslam Oyunlarındakı nailiyyətlərindən söz açıblar. Bu uğurlarda Gəncə təmsilçilərinin rolunun olması xüsusi fərəh, qürur hissi ilə qeyd olunub. Tədbirin sonunda qaliblərlə xatirə şəkli çəkdirilib.
Qarşılanma mərasimindən sonra Təhsil Respulbika İdman Mərkəzinin Gəncə filialına gələn İslamiadanın qəhrəmanları onların şərəfinə hazırlanan tortu kəsiblər.
Azad Rəfi
- Baxış: 1086