Hacıqabulda baş verən yol qəzası bir ailənin faciəsi olub. Ana və iki oğlu dünyasını dəyişib. Bakıda isə sürət həddinin aşılması qəzaya səbəb olub. Avtomobilin dərəyə yuvarlanması nəticəsində iki nəfər yaralanıb.
Bakı-Qazax yolunun 115-ci kilometrliyində, Hacıqabul rayonu ərazisində ağır yol qəzası baş verib. Paytaxt istiqamətində hərəkət edən “Ford” markalı mikroavtobus yoldan çıxaraq aşıb. Qəza nəticəsində 3 nəfər – sürücü, Ucar rayonu Müsüslü kənd sakinləri 23 yaşlı Hamil Abdullayev, qardaşı 28 yaşlı Samir Abdullayev və onların anası 51 yaşlı Gülzar Abdullayeva dünyasını dəyişib. Samir Abdullayevin 6 yaşlı oğlu isə xəsarət alıb.
Bakının Xəzər rayonunda da yol-nəqliyyat hadisəsi olub. 26 yaşlı Əli Hacıyevin idarə etdiyi "Hyundai" markalı avtomobillə Zığ yolunda hərəkətdə olarkən sürət həddini aşıb və maşın idarəetmədən çıxaraq yolun kənarındakı yamacdan aşağı aşıb. Hadisə nəticəsində sürücü Əli Hacıyev və avtomobildə olan sərnişin, 31 yaşlı Şamil Nəsrullayev müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib. Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 478