Ailədə, nəsildə, şəcərədə, cəmiyyətdə, hətta ölkəmizdə ən böyük etiqad yeri, hörmət olunan qadındır. Azərbaycan kişisi Azərbaycan qadını olan yerdə oturmaz, ayaqda durar, danışanda düşünər ki, nə badə hansısa söz qadın ismətinə xələl gətirər. Çünki biz anlayırıq ki, sağlam cəmiyyətdə tərəqqinin mühüm şərti qadındır. O adla bağlı haşiyənin səbəbi isə, mühüm olan yerdə qadını deyil pulu görən "kişilərin" olmasıdır. Bəli, daha bir "kişi" qadın boyunbağısı ilə boynunu saxlamaq istəyirmiş, hətta bunu üçün tanımadığı qadınlara zor da tətbiq edib. Qadına qalxan əllərə isə ən gözəl yaraşan bəzək qandaldır. Belə də oldu...
İyun ayının 3-ü saat 18 radələrində Nəsimi rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini Ülkər Rəhimovaya zor tətbiq etməklə, onun qızıl boyunbağısını qırıb götürərək, hadisə yerindən qaçıb. Nəsimi Rayon Polis İdarəsi və ərazidə olan Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının operativ şəkildə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Alı Tağıyev hadisə yerindən bir neçə yüz metr kənarda saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxsin həmin gün Nəsimi rayonu ərazisində Dilarə Qəniyeva adlı başqa bir qadını da döyərək, qızıl qoyunbığısını quldurluq yolu ilə ələ keçirdiyi məlum olub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır. Polis əməkdaşları quldurluq və soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxsin digər cinayətlərdə iştirakını istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nəsimi RPİ-nə müraciət edə bilərlər.
Zülfiyyə Telmanqızı
- Baxış: 395