“Gəncə Şərab-2” ASC-nin sabiq işçisi əmtəə nişanlarını oğurladığı üçün tutulub. Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini Rəhim Heydərovun evinə baxış keçirilib. Oradan 1800 ədəd “Gəncə Şərab-2” və “Premium Vodka” yazılı etiket, 1794 ədəd spirtli içki başlığı və 887 ədəd aksiz markası aşkarlanaraq, götürülüb. Ətrafında aparılan tədbirlərlə əmtəə nişanlarını Heydərova həmyerlisi İbrahim Allahverdiyevin satdığı məlum olub. Saxlanılan şəxsin bir ay əvvələ qədər “Gəncə Şərab-2” ASC-də işlədiyi, lakin oğurluq etməsi şübhə doğurduğundan, həmçinin işində yol verdiyi nöqsanlara görə oradan uzaqlaşdırıldığı aydın olub. İbrahim Allahverdiyev etiraf edib ki, işlədiyi müddətdə oğurladığı həmin əmtəə nişanlarını bağlamalarda zavodun ərazisində olarkən hasar üzərindən çölə atıb, işdən çıxandan sonra həmin yerdən götürməklə nəzarətdən yayına bilib və ələ keçirdiyi malları Heydərova satıb. Faktla əlaqədar Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırmalar aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 473