Daxili işlər orqanları tərəfindən müxtəlif şəxslər barəsində guya rüsvayedici məlumatlar yayacağı adı altında onları hədələyərək qanunsuz olaraq pul tələb edən şəxs ifşa olunub.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən Ağcəbədi rayon sakini olan qadın əvvəldən tanıdığı Rakif adlı şəxsin onu barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib, külli miqdarda pul tələb etdiyi barədə məlumat verib. Əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini Rakif Quliyev qeyd edilən xanımdan 3000 ABŞ dolları alan zaman saxlanılıb. Araşdırma zamanı məlum olub ki, Quliyev 2017-ci ilin yanvar ayından saxlanılan günə kimi eyni üsulla zərərçəkəndən müxtəlif vaxtlarda 2000 manat, 2 ədəd brilyant üzük, 1 ədəd brilyant kolye, 10 ədəd “Nikolay” qızıl onluq, 9 ədəd “Nikolay” qızıl 15-lik, 1 ədəd “Osmanlı” qızıl onluq, 1 ədəd qızıl 20-lik ABŞ dolları, 1 ədəd “Nizami Gəncəvi” qızıl külçəsi və 1 ədəd Avstriya qızıl külçəsi alıb. Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Vüsalə Camal
- Baxış: 1147