Bu günə xəbərlərin oxunma sayı: 1530
— 02.06.2017 15:13

Azərbaycan regionda lider dövlət mövqeyini daha da gücləndirir

KepezTV Player

2017-ci il üzrə Rayonların İnvestisiya Reytinqinə görə, ilk onluqda Bakı, Naxçıvan, Mingəçevir, Sumqayıt, Şirvan, Gəncə və Naftalan şəhərləri, Abşeron, İmişli və Culfa rayonları yer alıb. Bir neçə regiondakı cüzi durğunluq və geriləmə nəzərə alınmasa, ölkənin bir çox sektorlarında müsbət dəyişikliklər müşahidə olunub. Bu, Azərbaycanın gələcək inkişafı ilə bağlı müsbət proqnoz verməyə imkan verir və regionun lider dövləti olaraq, mövqeyini möhkəmləndirməyə şərait yaradır.

Ölkənin əsas şəhər və rayonlarının investisiya reytinqi haqqında tədqiqatlar, İİTKM tərəfindən aparılıb. Bu araşdırmalar ölkənin əsas 62 şəhər və rayonunun regional investisiya reytinqlərinə təsir edən amilləri əhatə edib. Araşdırmaların başlıca səbəbləri ixtisaslaşmış sahələrin identifikasiyası, nəticələrin təhlili, rəqabət qabiliyyətliyinin artırılması və regionlara investisiyanın cəlb olunmasıdır. Burada Dünya İqtisadi Forumu tərəfindən hazırlanan Dünya Rəqabətlilik İndeksinə və Avropa İttifaqının Regionların Rəqabətlilik İndeksinin tərtibi zamanı da istifadə olunan oxşar yanaşma tətbiq edilib. 

Bunlar:

1. Baza alt indeksi üzrə-təhsil, səhiyyə, lazımi infrastuktur, institutların keyfiyyəti, yəni təsərrüfat subyektlərinin sayının ümumi əhaliyə nisbəti, qeydə alınmış cinayətlərin sayının cəmi əhaliyə nisbəti və iqtisadiyyata verilən töhfə

2. Səmərəlilik alt indeksi üzrə- əmək bazarının səmərəliliyi, ali təhsil, büdcə asılılığı;

3. Reytinqin innovasiya alt indeksi üzrə istifadə edilən göstəricilər- yeni texnologiyaların tətbiqi və innovasiyadır. 

Statistik əhəmiyyətlilik kəsb edən reytinq regionların inkişafı dövlət proqramına uyğun olaraq fəaliyyətlərini davam etdirən bütün stukturlar və qurumların öz fəaliyyətlərini daha da səmərəli şəkildə təşkil etmələrinə kömək edəcək.


Nicat Əsədli- mərkəzin layihə rəhbəri: “Bununla yanaşı bu reytinqlərdən istifadə edərək kiçik və orta sahibkarlar öz investisiyalarını daha səmərəli şəkildə yatıra biləcəklər. Belə olduğu halda onlar daha çox gəlir əldə edəcəklər. Bundan əlavə yeni iş yerləri açılacaq. Rayonlaırn investisiya reytinqləri yüksələcəkdir. Əhalinin sosial rifah halı yaxşılaşdırılacaqdır. Cəlbediciliyi aşağı olan rayonlar isə bu reytinqlərdən istifadə edərək investisiyanın cəlb olunmasına maneə olan bütün bariyerlərin aradan qaldırılması üçün lazımi tədbirləri müəyyənləşdirə biləcəklər”.

İnvestisiya reytinqinə görə, ən yüksək hədd Bakı şəhəri üzrə müəyyən olunub – 0.785 faiz. Miqyas effektini nəzərə alaraq, paytaxtın I yerdə olması təbii haldır. Reytinqin əsas məqsədlərindən biri də şəhərlərlə yanaşı, rayonlara da investisiyanın cəlbinin artırılmasıdır.


Vahid Əmrahov- iqtisad üzrə fəlsəfə doktoru: “Əsas xammal bazası kənd təsərrüfatı olan yüngül sənaye sahələrini o cümlədən toxuculuq, dəri və dəri məmulatları, eyni zamanda geyim məhsulları istehsalını həyata keçirən emal müəssisələrinin inkişafına investisiyaların qoyulması məqsədə uyğun hesab oluna bilər. Ölkənin daxili tələbatı idxal hesabına ödənilir. Buna görə ölkədən xaricə külli miqdarda valyuta axır. Bu sahələri inkişaf etdirməklə həm valyuta axınının qarşısını ala bilərik, eyni zamanda ixrac yönümlü istehsala da diqqət ayırmaqla ölkəyə həm vəsait qoyuluşunu, həm də investisiya cəlb etməyi həll edə bilərik”.

Xüsusilə regionlarda potensial və iqlim şəraitinə uyğun olaraq əlverişli sahələrə investisiya yatırılması məqbul sayılır. Bu həmin bölgədə məşğulluğun təmini baxımından da əhəmiyyət daşıyır.

 

Jalə Qurbanova